Elşən Manafov: “Dəhlizin ABŞ-a 99 il müddətinə icarəyə verilməsi Kremli məmnun etməyib”
Ermənistan ilə Rusiya arasında yenidən gərginlik yaranıb. Rusiya bu dəfə Ermənistandan ixrac olunan kənd təsərrüfatı məhsullarını geri qaytarıb.
Ermənistan mediasının məlumatına görə, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsulları ilə dolu yük maşınları Ermənistana geri qayıdır. Rusiya tərəfinin iddiasına görə, Ermənistandan Rusiyaya ixrac olunan məhsullar fitosanitar tələblərə cavab vermir. Rusiya tərəfi bir qədər əvvəl digər yükləri, xüsusilə də tikinti materialları daşıyan avtomobilləri ciddi yoxlayıb.
Diqqəti çəkən digər məqam odur ki, Rusiya ilə Ermənistan arasında olan ticarətin həcmi kəskin şəkildə azalır. Ötən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edib. Həmin ilin birinci rübündə bu göstərici 6 milyard dollar olub. Bu ilin ilk rübündə isə bu göstərici 3 milyard dollaradək azalıb. Cari ilin sonuna qədər ümumi ticarət dövriyyəsinin cəmi 6 milyard dollar səviyyəsində olacağı gözlənilir. Bu isə ötən illə müqayisədə təxminən 50 faiz azalma deməkdir.
“Moskva hazırkı şəraitdə rəsmi İrəvana münasibətdə "kökə və qamçı" siyasətinin həyata keçirilməsini daha məqbul bilir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov iki ölkə arasında ticarət dövriyyəsinin azalmasını bir sıra amillərlə əlaqələndirdi: “Rusiya tərəfinin yayımladığı məlumatlara görə, Gürcüstan vasitəsilə Rusiyaya ixrac edilən tonlarla kənd təsərrüfatı məhsullarının geri qaytarılması fitosanitar problemlərdən irəli gəlib. Hərçənd, Qərbə inteqrasiya yolunu seçən Paşinyan iqtidarına bunun iqtisadi təzyiq vasitəsi olduğu anlaşılandır. Paşinyanın uzun müddət 2020-ci ilin Moskva razılaşmalarının şərtlərinin yerinə yetirilməsindən yayınması, nəqliyyat kommunikasiya xətlərinin açılması və Zəngəzur dəhlizi ilə bağlı məsələlər ətrafında manipulyasiya etməsi buna səbəb olub. Dəhlizə Rusiyanın nəzarət etməsi ilə bağlı müddəaları yerinə yetirməkdən boyun qaçırması, son olaraq isə Orta Dəhlizin Ermənistandan keçən hissəsinin ABŞ-a 99 il müddətinə icarəyə verilməsi Kremlin regionla bağlı geosiyasi maraqlarının ziddinə olduğundan, təbii ki, Moskvanı məmnun etməyib. Bununla belə, rəsmi Moskva onunla münasibətləri ikili müstəvidə quran Ermənistanla münasibətlərdə hələ də yumşaq gücün tətbiqi ilə kifayətlənir. Rəsmi Moskva anlayır ki, ABŞ regiondan coğrafi anlamda xeyli uzaqdır. Bu mənada Rusiya ilə müqayisədə onun regiona, o cümlədən, Ermənistana təsir vasitələri Rusiyanın regiondan sıxışdırıb çıxarılmasına kifayət edəcək səviyyədə deyil. Bunu Ermənistanın Rusiya və Avropa Birliyi ilə ticari münasibətlərinin fərqli təhlili də göstərir. ABŞ-a gəldikdə, onun Ermənistan iqtisadiyyatındakı çəkisi Rusiya ilə müqayisəyə gəlməyəcək dərəcədə zəifdir. Ermənistan Rusiya və müəyyən mənada İranın enerji asılılığında olan dövlətdir. Üstəlik, onun dəmiryol xətləri üzərində nəzarət Rusiyaya məxsusdur. Ermənistanda Rusiyanın hərbi bazaları var. Bundan əlavə, Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə ticari, gömrük münasibətlərindən xeyli mənfəət götürür. Onun Avropa İttifaqına üzvilik məsələsi isə yaxın gələcəkdə baş tutacaq sevda deyil. Əvvəla, Aİ-nin müəyyən etdiyi standartlara Ermənistan hələ yaxın belə gələ bilməyib. Digər tərəfdən, bəlli şərtlərin yerinə yetirilməsi üçün vaxt və siyasi iradə lazımdır. Region ətrafında geosiyasi durumun perspektivləri də bəlli proseslərə təsirsiz ötüşməyəcək. Söhbət Ermənistan vasitəsilə Qərbin regiona iqtisadi ekspansiyasından gedir ki, Moskva və Tehran bu məsələlərə biganə qalmayacaqlar”.
Politoloq E.Manafov hesab edir ki, bütün bunlar Moskva tərəfindən nəzərə alınır və hazırkı şəraitdə rəsmi İrəvana münasibətdə "kökə və qamçı" siyasətinin həyata keçirilməsini daha məqbul bilir: “Moskvanın Paşinyan iqtidarına iqtisadi təzyiq yolları kifayət qədər geniş və çeşidlidir. Rusiya ermənilər üçün nəhəng əmək bazarı və kənd təsərrüfatı məhsullarının ixrac bazarıdır. Rusiyada çalışan erməni miqrantların və iş adamlarının il ərzində Ermənistana göndərdikləri pul vəsaitləri bu ölkənin dövlət büdcəsinin 3/1-nə bərabərdir. Rusiya miqrasiya siyasətini sərtləşdirəcəyi və buradan pul köçürmələrini qanunvericilik zəminində məhdudlaşdıracağı təqdirdə, Ermənistanda sosial durumun ağırlaşacağı birmənalıdır. Üstəlik, Qərbə məxsus sorğu mərkəzlərinin Ermənistanda respondentlər, xüsusilə sosial gərginlikdən əziyyət çəkən gənclər arasında keçirdiyi rəy sorğuları göstərir ki, Paşinyanın reytinqi son iki ildə xeyli geriləyib və 15 faizə düşüb. Bu isə gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində hakimiyyət dəyişikliyi üçün sosial sifariş rolunda çıxış edəcək amildir. Ermənistan müxalifətinin erməni Apostol kilsəsi ilə iş birliyi, Rusiyadakı erməni diasporasının seçkilər ərəfəsində fəallaşacağı, nəhayət Karapetyan sayağı iş adamları seçkilərə müstəqil siyasi qüvvə kimi müdaxilə edəcəkləri təqdirdə Ermənistanda Gürcüstansayağı arzunun hakimiyyətə gəlməsi problem olmayacaq”.
Vidadi ORDAHALLI