AZ

Milli-mənəvi dəyərlərimizin yorulmaz himayədarı

Müasir dünyaya nəzər salsaq, görərik ki, o ölkələrdəki elmə, təhsilə, texnologiyalara diqqət var, bu sahələrdə inkişaf var, o dövlətlər, sözün əsl mənasında, inkişaf etmiş dövlətlərdir. Məhz buna görə də Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra bu sahəyə diqqət, təhsilin, elmin inkişafı dövlətimizin siyasətində prioritet istiqamətlərdən biri olub. 

                                         Mehriban Əliyeva, Birinci vitse-prezident

Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri Azərbaycan mədəniyyətinin geniş təbliği, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması, uşaqların və gənclərin hərtərəfli inkişaf etmiş vətəndaş kimi tərbiyəsi, o cümlədən, Azərbaycan gerçəklərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı işlərə dəstək verməkdir.

Bu gün internet və sosial şəbəkələr ənənəvi mütaliəni və kitabların yerini tutduqda, kütləvi informasiya vasitələrinin çoxaldığı dövrdə, ədəbiyyata, klassik musiqiyə marağın azaldığı bir dönəmdə Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq xalqın mənəvi irsinin qorunması və inkişafı, mütaliə ənənəsinin qorunması, ölkəmizdə gənclərin intellektual dəyərlər sisteminin, estetik zövqünün formalaşması sahəsində xidmətləri əvəzsizdir.

Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti olaraq bu məsələyə xüsusi diqqət yetirir, kitabların, jurnalların nəşri prosesinə şəxsən rəhbərlik edir. Fəaliyyət göstərdiyi 21 il ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif mövzularda çoxlu sayda kitablar, broşürlar çapa hazırlanıb nəşr olunaraq, ictimaiyyətin istifadəsinə təqdim olunub, musiqi albomları buraxılıb, müxtəlif tədbirlər, təqdimatlar, sərgilər keçirilib. 

Azərbaycanda əlifbanın dəyişməsi ilə əlaqədar Azərbaycan xalqının ədəbi, mədəni irs nümunələri, klassik əsərlər gənc nəslin nümayəndələri üçün əlçatmaz idi. Mehriban xanım Əliyevanın təşəbüskarlığı ilə Heydər Əliyev Fondunun son illərdə həyata keçirdiyi layihələr çərçivəsində milli yazılı irsin nümunələri, Azərbaycan klassiklərinin müxtəlif ədəbi əsərləri latın qrafikasına çevirilib nəşr etdirilir, dünya ədəbiyyatı nümunələri yeni nəşrdə, yeni əlifbada Azərbaycan oxucusuna təqdim edilir.

Şərq intibahının parlaq nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 870 illik yubileyinə Heydər Əliyev Fondunun köməyi ilə yeni formatda "Xəmsə"toplusu nəşr edilmişdir. Oxuculara təqdim olunan nəşrdə "Xosrov və Şirin" poemasının Azərbaycan dilinə yeni tərcüməsi əruz vəznində və dilimizin bugünkü tələblərinə uyğun hazırlanmışdır.

Orta və Yaxın Şərqdə əsrlər boyu əxlaq və mənəviyyat mənbəyi sayılan Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri" əsəri məhz Heydər Əliyev Fondu tərəfindən latın qrafikasında zərif tərtibatda yenidən çap olunmuş və rəngarəng miniatürlərlə təsvir edilmişdir. Bu əsərdə Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər haqqında dolğun fikirləri, etik-fəlsəfi fikirləri yer alır. 2009-cu ildə Heydər Əliyev Fondu bir çox Şərq ölkələrində məşhur olan “Qabusnamə” kitabını rus dilində nəşr edib. 2014-cü ildə isə Fondun 10 illik yubileyi münasibətilə kitab Azərbaycan və rus dillərində yenidən nəşr edilib. 

Bakı Kitab Mərkəzi Heydər Əliyev Fondu tərəfindən və Mehriban xanımdan Bakı gəncləri üçün əvəzolunmaz bir töhfədir, uşaq və gənclərin hərtərəfli inkişaf etmiş vətəndaş kimi yetişdirilməsi sahəsində, gənclərdə mütaliəyə marağın canlanması, gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm bir addımdır. Bu mərkəzin konsepti, onun rahat ab-havası uşaq və yeniyetmələrdə kitaba məhəbbət və mütaliə ənənəsinin qorunub saxlanmasına təkan verir. 

Heydər Əliyev Fondunun fəaliyyətinin ilk illərində Mehriban xanım Azərbaycan muğamının qorunması və  inkişafı istiqamətində bir sıra uğurlu layihələrin təşəbbüskarı olub. 2008-ci ildə Birinci xanımın təşəbbüsü ilə Azərbaycan muğamına həsr olunmuş “Muğam ensiklopediyası” nəşri işıq üzü görüb. Nəşrə “Muğam ensiklopediyası” və Azərbaycanın görkəmli muğam ustalarının səsyazılarından ibarət “Azərbaycan xanəndələri” adlı kolleksiya daxildir. Kitabın redaksiya heyətinin sədri və baş redaktoru Mehriban Əliyeva özüdür.

“Azərbaycan xanəndələri” adlı kolleksiya 6 albomdan: “Qarabağ xanəndələri”, “Muğam dəstgahları”, “Gənc xanəndələr”, “Ustad xanəndələr” (kişi xanəndələr) və “Ustad xanəndələr” (qadın xanəndələr) adlı 5 CD albom və “Muğam ensiklopediyası” multimedia diskindən ibarətdir.

Muğamsevərlər üçün ən böyük tohfə isə üç dildə-azərbaycan, ingilis və rus dillərində nəşr olunan "Muğam" jurnalının təsisi oldu. Bu layihələrin həyata keçirməsi  nəticəsində Azərbaycan muğamı sanki canlandı, yeni nəfəs aldı. Gənclərin bu sənətin zənginliyinə və əsrlərin sınaqdan keçmiş dərin fəlsəfəsinə marağı oyandı. 

Azərbaycan incəsənətinin, milli musiqinin təbliğində, eləcə də gənclərə və gələcək nəsillərə çatdırılması istiqamətində atılan mühüm addımlardan biri də Heydər Əliyev Fondunun "Üzeyir dünyası" layihəsi müasir musiqi sənətimizin və milli operanın banisi, Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yer tutan Üzeyir Hacıbəyliyə həsr olunub. “Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operaları və “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. “Ömür salnaməsi” kitabına ön sözü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özü yazıb.

2021-ci ildə Şuşa şəhərində Heydər Əliyev Fondu dəstəyi ilə hazırlanan "Qarabağın mədəni irsi" adlı nəşrlər toplusu təqdim olunmuşdur. Topluya "Xalq sənətkarlığı", "Musiqi", "Ədəbiyyat", "Memarlıq" və "Xalçaçılıq" adlı nəşrlər daxildir. Bu nəşrlərdə dərc olunan materiallar təkrarolunmaz maddi və qeyri-maddi mədəniyyət abidələri ilə zəngin olan Qarabağın mədəni irsinin qorunması və təbliği üçün çox vacib əhəmiyyət kəsb edir.

Heydər Əliyev Fondunun dəstəyi ilə buraxılan, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov, Asəf Zeynallı, Cövdət Hacıyev, Rafiq Babayev, Vaqif Mustafzadə kimi bəstəkarlarımızın  və musiqi xadimlərinin əsərləri Azərbaycanın musiqi ənənələrinin qorunması  və gənc nəsilə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir, gənclərin estetik zövqünün, intellektual dəyərlər sisteminin formalaşmasına xidmət  edir.

Mehriban xanımın təşəbüsü ilə xalçaçılıq, miniatür sənəti, rəssamlıq, kulinariya kimi Azərbaycan incəsənətinin müxtəlif sahələrinə həsr olunmuş broşürlar, bukletlər, disklər, kitablar dünyanın bir çox dillərinə tərcümə olunur. Azərbaycan Xalça sənətinə həsr olunmuş materiallarda Azərbaycanın xalça məktəbləri, yeni kolleksiyanın yaradılması prosesi, Qədim incəsənətin qorunması və inkişafı üçün dövlətin gördüyü tədbirlər haqqında məlumatlar yer alıb. Fondun bu nəşrləri Azərbaycan xalqının mədəniyyəti və incəsənətimizin zəngin mənəvi irsinin qorunub saxlanması, inkişafı  və geniş təbliği istiqamətində əvəzsiz töhfələrdir. 

Mehriban xanım çıxışların birində söyləyib: “Mən fəxr edirəm ki, ölkəmizdə tamamilə bənzərsiz bir mədəni məkan yaranmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Belə ki, bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən və mədəniyyətlər arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli durur”.

Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri kimi  21 illik fəaliyyəti  ərzində  böyük həyat missiyasını gerçəkləşdirir, onun sayəsində Azərbaycan mədəniyyəti və incəsənətimizin bir çox sahələri sanki yenidən dirçəlir, yeni inkişaf mərhələsinə qədəm qoyur, populyarlaşır, bütün dünyada tanınır və sevilir. 

Fəridə NAMAZOVA, 
Prezident Kitabxanasının fond rəhbəri, tarix üzrə fəlsəfə doktoru

Seçilən
3
xalqqazeti.az

1Mənbələr