Avqustun 23-də Ermənistanın Müstəqillik Bəyannaməsi günündə bu ölkənin .Baş naziri Nikol Paşinyan 2020-ci ilin sentyabrında niyə güzəştə getmədiyinin səbəbini açıq etiraf edib.
“Bu gün mən də son 7 ilin tarixini anlamaq üçün bəlkə də ən vacib olan bir suala cavab vermək istəyirəm. Axı niyə Ermənistan Respublikası, hökumətimiz və şəxsən mən 44 günlük müharibədən qaçmaq üçün yeganə nəzəri imkan olan 2020-ci ilin sentyabrına qədər güzəştə getmədik? Əsas səbəb odur ki, bu güzəştlər nəticəsində bütün təhlükə və asılılıqlarımız daha da artacaq və qeyri-mütənasib şəkildə Ermənistanın müstəqilliyini və dövlətçiliyini itirməsinə gətirib çıxaracaqdı. Biz Ermənistanın müstəqilliyini qoruyub saxlamaq və bu müstəqilliyi reallığa çevirmək strategiyasını qəbul etmişik... onun şərtləri ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin mümkün olduğu, Türkiyə ilə real dialoqun mümkün olduğu bir şəraitdə”.
Paşinyanın 2020-ci ilin sentyabrında niyə güzəştə getmədiyini açıq etiraf etməsini, onun bu izahını müxalifət tənqid edir ki, ATƏT-in Minsk qrupu ayrı şey təklif etmişdi, heç Zəngəzur dəhlizinin söhbəti getmirdi. Yəni ATƏT-in Minsk qrupu deyirdi ki, Qarabağın ətrafındakı 5 rayonu qaytarın, Laçınla Kəlbəcər də Qarabağın status həll olunana qədər sizin əlinizdə qalsın. Müxalifət deyir ki, Paşinyan ATƏT-in Minsk qrupunun bu təklifindən imtina etdi və sonda elə vəziyyətə gəldi ki, bütün Qarabağı itirdi və sair.
Paşinyan bu izahında nə dərəcədə haqlıdır? O, əgər Minsk qrupunun planı ilə razılaşmış olsaydı Ermənistanın uduşu çox olardı, yoxsa itirdiyi?
Aydın Quliyev: “Deyə bilərdi ki, müharibədən yan keçmək tək mənim əlimdə deyildi, buna İlham Əliyev də razı olmalı idi”
“Bakı-Xəbər” media qrupunun rəhbəri Aydın Quliyev rəsmi Facebook hesabında yazdığı “Paşinyan müharibənin qarşısını almaq şansını bilərəkdən niyə buraxdı?...O, bəlkə də İlham Əliyev haqda bu sözləri deyib...” sərlövhəli statusunda məsələyə belə şərh verib: “Ermənistanın əsas müxalif qüvvələri bu sualla Paşinyanın üstünə qalxıblar. Baş nazir ölkənin müstəqillik Bəyannaməsinin 35 illiyi münasibətilə avqustun 23-də xalqa müraciətində bu suala məxsusi şəkildə cavab verməyə çalışıb.
Paşinyan deyib: “Düz 7 ildir qarşımda qaldırılan sualı aydınlaşdırmaq istəyirəm. Məni ittiham edirlər ki, niyə 2020-ci ilin sentyabrında könüllü güzəştə gedərək 44 günlük müharibənin qarşısını almadım. Cavab verirəm. Mən o zaman güzəştə getsəydim, Ermənistan dövlətçiliyini və müstəqilliyimizi qeyri-proporsional qaydada daha artıq dərəcədə itirə bilərdik. Ermənisran heç vaxt indiki qədər suveren, indiki qədər müstəqil və indiki qədər inkişafda olmayıb. 29.7 min kv kilometr ərazidə real Ermənistanı qazandıq".
Bəs müxalifətin Paşinyandan tələb etdiyi Azərbaycana edilməli güzəştin mahiyyəti nədir? Ölkənin əsas müxalif qüvvələri Minsk Qrupunun 2020-ci ilədək təklif etdiyi son həll modelinin müharibəsiz qəbul olunmasını nəzərdə tuturlar. Onlar Paşinyanı “şişə taxırlar” ki, əgər müharibədən yan keçərək Minsk Qrupunun planını qəbul etsəydik, 5 rayonu Azərbaycana təhvil verərək Laçını və Kəlbəcəri əlimizdə saxlayardıq, Laçın dəhlizi əlimizdə qalardı, 120 min erməni köçüb getməzdi, “Dağlıq Qarabağ” status məsələsi həll edilənə qədər yenə əlimizdə qalardı, Zəngəzur dəhlizinin isə heç söz-söhbəti də getməzdi...
Həqiqətən də Minsk Qrupunun müharibə anına qədərki həll planı məhz belə idi.
Ancaq erməni müxalifətinin görmədiyi və bəlkə də görmək istəmədiyi həlledici bir məqam var idi - 2020-ci ildə situasiyanın hakimi Ermənistan yox, müharibə qərarını artıq vermiş Azərbaycan idi, Azərbaycan MQ-nin yarımçıq planını qəbul etmirdi, ya hər şey birdən həll edilməli, ya da müharibə olmalıdır kimi yolu seçmişdi, bu şəraitdə Paşinyanın müharibədən yan keçmək üçün Azərbaycana güzəştə getməsi heç nəyi dəyişməzdi, çünki Azərbaycan MQ-nin təklif etdiyi yarımçıq həll modelini qəbul etmək istəmirdi. Bu, sözsüz ki, İlham Əliyevin tarix qarşısında ən böyük xidməti kimi qalacaq.
Maraqlıdır ki, Paşinyan da onu 7 ildir sıxan suala cavabında bu tutarlı məqamı xatırlatmayıb. Yəni deyə bilərdi ki, müharibədən yan keçmək tək mənim əlimdə deyildi, buna İlham Əliyev də razı olmalı idi, o isə yarımçıq həll modelini heç vaxt yaxına buraxmadı...
Bəlkə də Paşinyan yaxın çevrəsinə İlham Əliyev barədə bu sözləri qeyri-rəsmi olaraq deyib...”
Xaqani Cəfərli: “...Paşinyan haqlıdır”
Politoloq Xaqani Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci ilin sentyabrında ATƏT-in Minsk qrupunun Qarabağın ətrafındakı 5 rayonu azad etmələri, Laçınla Kəlbəcərin də Qarabağın status həll olunana qədər Ermənistanın əlində qalması ilə bağlı təklifilə razılaşmamasının doğurduğu nəticə, yəni Azərbaycanın bütün torpaqlarını azad etməsi hər iki xalqın maraqlarına uyğundur: “ATƏT-in Minsk Qrupunun təklifi münaqişənin həllinə səbəb ola bilməzdi. Sadəcə münaqişəni yeni mərhələyə keçirəcək, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan üzərində təsir imkanlarını artıracaqdı. Bu mənada münaqişənin köklü həll olunması hər iki dövlətin və xalqın maraqlarına uyğundur. Münaqişənin tam həlli hər iki respublikanın milli dövlət quruculuğuna keçid eləməsinə imkan verib. Buna görə də Paşinyan haqlıdır.
İradə SARIYEVA