Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilir.
Moderator.az xəbər verir ki, müsabiqənin final mərhələsində gənc xanəndələr Rəis Niftəliyev, Kənan Novruzov, Nərmin Mirzəyeva, Əli Rəşidi, Aycan Şükürlü, Yusif Cəfərbəyli, Aytac Bəybabayeva və azyaşlı ifaçılar Əhəd Ağayev, Kənan Tağızadə, Yusif Mustafayev, Mətləb Əhmədzadə, Murad Nəbizadənin çıxışları dinlənilib. Müsabiqəyə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib.
Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.
Azyaşlı ifaçılar arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağlzadə layiq görülüblər.
Gənc xanəndələr arasında isə birinci yeri Aytac Bəybalayeva, ikinci yeri Nərmin Mirzəyeva və üçüncü yeri Rəis Niftəliyev tutublar.
Müsabiqənin digər iştirakçılarına diplomlar təqdim olunub.
Tamaşaçılar Əməkdar artist Ehtiram Hüseynovun ifasını dinləyiblər. Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.