Paris, 25 avqust, AZƏRTAC
Mərakeşlilərin fransız şirkəti “Danone”ni necə boykot etməsi bu gün yerli medianın diqqət mərkəzində olub. 2018-ci ildə Mərakeşdə sosial şəbəkələr üzərindən başlanan spontan boykot hərəkatı və onun nəticələri açıqlanıb. Bu hərəkat ölkədəki həyatın bahalığına qarşı səsli etiraz forması alıb. “Afriquia” yanacaqdoldurma məntəqələri, “Sidi Ali” mineral suyu və Fransanın “Centrale Danone” süd məhsulları şirkəti hərəkatın hədəfində olub. Bu hərəkatda Fransanın qida nəhəngi “Danone”nin yerli filialı, istehlakçıların narazılığından ağır zərbə alıb. Satışlar kəskin şəkildə azalıb, şirkətin imici zədələnib və nəticədə Kasablanka birjasından çəkilib. Bu, Mərakeşdə iqtisadi etirazın nadir, lakin güclü nümunəsi kimi tarixə düşüb.
AZƏRTAC xəbər verir ki, boykot çağırışı ilk dəfə feysbukda səssizcə başlayıb. Bir neçə anonim hesab, mərakeşliləri yüksək qiymətlərə görə müəyyən markalardan uzaq durmağa səsləyib. Onların şüarlarından biri belə olub: “Boykot nümayişdən daha güclüdür. Bu, müvəqqəti aksiya deyil - gündəlik müqavimətdir”.
Qısa müddət ərzində bu çağırış böyük rezonans doğurub. O dövrdə aparılmış sorğulara görə, mərakeşlilərin ən azı 57 faizi bir məhsulu boykot etdiyini bildirib. Hərəkatın önündə həyatın bahalığından sıxılmış orta təbəqə dururdu və bu, iqtisadi narazılığın açıq əlaməti idi.
2018-ci ilin mayında, bir aylıq susqunluqdan sonra “Centrale Danone”nin Mərakeşdəki baş direktoru Didye Lamblən çıxış edərək vəziyyətin ciddiliyini etiraf etmişdi. “Satışlarımıza və bazar payımıza təsir böyükdür. Təəssüf ki, 120 min maldardan toplanan süd həcminin bir hissəsini dayandırmaq məcburiyyətindəyik”, - deyə o bildirib. Bunun nəticəsində yüzlərlə işçi ixtisar edilib. Süd kooperativləri zərbə alıb və ictimai narazılıq daha da artıb. İyun ayında şirkət işçiləri Rabatda parlament binası önündə etiraz keçiriblər. “Hökumət məsuliyyət daşıyır. Həyat bahalılığının nəticələrini işçilər çəkməməlidir”, - deyə onlar etirazlarını səsləndiriblər.
Bu böhrana cavab olaraq, “Danone” sentyabr ayında inqilabi bir addım atıb və südü maya dəyərinə satacaqlarını elan edib. Lakin bu da vəziyyəti dəyişməyib - satışlar yenə də azalıb. Şirkət daha sonra ucuz həmrəylik məhsulları seriyasını təqdim edib, lakin artıq gec olub. 2020-ci ildə, “Centrale Danone” Kasablanka birjasından rəsmən geri çəkilib. O gündən bəri filialın maliyyə nəticələri ictimaiyyətə açıqlanmır.
Bu boykot, Mərakeşdə istehlakçıların birbaşa güc göstərməsi baxımından tarixi dönüş nöqtəsi olub. Hərəkat sübut etdi ki, sosial şəbəkələr vasitəsilə təşkilatlanmış sivil etiraz, böyük korporasiyaları belə geri addım atmağa məcbur edə bilər. Eyni zamanda, bu hadisə Mərakeşdə orta təbəqənin iqtisadi və sosial təzyiqlər altında necə çökdüyünü də aydın şəkildə ortaya qoydu.