Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Prezident İlham Əliyevin ömür-gün yoldaşı və ən yaxın silahdaşı olan Mehriban Əliyeva ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verir.
Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə milyonların sevimlisinə çevrilib. Haqlı olaraq onu Azərbaycan humanizminin simvolu adlandırırlar. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı bunun bariz nümunələridir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.
Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, bu dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.
Azərbaycan xalqının böyük sevgisini qazanmış Mehriban xanım Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısında daha bir önəmli xidməti Ulu Öndərin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi aramsız səylər və çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı, nəcibliyi birinci xanım Mehriban Əliyevaya təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə tükənməz məhəbbət qazandırıb. O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır.
Mehriban xanım, həmçinin beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfələr verir.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharıbədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, Şuşada möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Mehriban Əliyevanın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, eləcə də bir çox beynəlxalq mükafatları vardır. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Mehriban xanım xalqın sevgisi, etimadı ilə öz ömür kitabını yazmaqda davam edir, onu ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.
26 avqust Mehriban xanım Əliyevanın ad günüdür. EdnewsTV olaraq təbrik edirik!
Gülşən Behbud,
Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri