BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıblar.
Bu, bir müddətdir ki, münasibətlərində böhran yaşayan tərəflər arasında nazirlərin ilk təması sayıla bilər.
Moskva və Bakı arasında Azərbaycan təyyarəsinin vurulmasına görə gərginləşmiş münasibətlər Rusiya təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı iki azərbaycanlının öldürülməsindən sonra pisləşib.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Cənubi Qafqazda baş verənləri və iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələri müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyi telefon danışığının Azərbaycanın təşəbbüsü ilə baş tutduğunu bildirib.
Bundan az əvvəl, Həştərxanda Azərbaycanın baş nazirinin müavini isə rusiyalı həmkrarı ilə iki ölkə arasında iqtisadi münasibətləri müzakirə eləyib.
Görüşün detalları barədə Azərbaycan hökuməti hər hansı məlumat yaymayıb.
Rusiya baş nazir müavini Aleksey Overçuk isə bildirib ki, azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşdə Azərbaycanla Xəzər dənizi üzərində turizm gəmiçiliyinin təşviqi barədə razılığa gəliblər.
O, hökumət saytında yazdığı açıqlamada qeyd edib ki, Rusiya bu il ilk dəfə olaraq Azərbaycanda illik 250 min qutu insulinin istehsalını da həyata keçirib.
Aleksey Overçuk bildirib ki, hazırda Azərbaycanda 1800 şirkət Rusiyanın maliyyəsi ilə fəaliyyət göstərir.
Onun sözlərinə görə, Bakı metropoliteninə 65 vaqonun verilməsi, Azərbaycanda Rusiya avtomobil istehsalçılarının fəaliyyətinin genişləndirilməsinin davam etdirilməsinə qərar verilib.
O cümlədən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmiryol daşımalarında güzəştli tariflərin tətbiqi və ticarətdə əsasən milli valyutalardan istifadə də davam etdiriləcək, - Overçuk qeyd edib.