AZ

Azərbaycan ağsaqqalları Mehriban Əliyevanı təbrik etdi

Avqust ayının 26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ad günüdür. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından Mehriban xanıma təbrik ünvanlayıb.

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

  

"Hörmətli Mehriban xanım!

Sizi – fədakar fəaliyyəti, nəcib əməlləri, humanizmi, yüksək mədəniyyəti və sadəliyi ilə milyonların sevgi və rəğbətini qazanan alicənab insanı, zəngin intellektə, güclü təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik vətənpərvər ictimai-siyasi xadimi Ad Gününüz münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından səmimi-qəlbdən təbrik edir, Vətənimizin tərəqqisinə istiqamətlənmiş çoxşaxəli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, cansağlığı, xoşbəxtlik və ailə səadəti diləyirik!

Öz varlığı ilə Azərbaycan qadınının ucalığını bütün dünyaya nümayiş etdirən dəyərli bir şəxsiyyət kimi Siz ölkəmizin davamlı inkişafı naminə dövlətimizə və xalqımıza misilsiz xidmətlər göstərirsiniz. Bu gün Azərbaycan xalqı böyük fəxrlə Sizin adınızı xeyirxahlıq, mərhəmət və nəciblik rəmzi kimi çəkir. Siz Azərbaycanın birinci xanımı olmaqla yanaşı, həm də bütün xalqımızın mehriban bacısı, qayğıkeş anası və nəcib övladısınız.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevlə birlikdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı naminə göstərdiyiniz yüksək fəaliyyət əzmi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Qarabağımızın azad olunmasında və sonrakı mərhələdə, doğma torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində Sizin dəyərli xidmətləriniz insanlara hər zaman tükənməz ümid, güc və sevinc bəxş edir. Sizin cənab Prezidentlə birlikdə Kəlbəcərə etdiyiniz son səfər, təməlqoyma mərasimlərində, infrastruktur obyektlərin açılışında, sakinlərlə səmimi görüşlərdə iştirakınız, orada əsl vətənpərvərlik simvoluna çevrilən davranışlarınız xalqımızın yaddaşında silinməz iz qoydu, soydaşlarımız üçün böyük mənəvi dəstək oldu.

Hörmətli Mehriban xanım!

Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuz və qüdrət zirvəsindədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ABŞ-yə möhtəşəm səfəri və orada əldə etdiyi tarixi nailiyyətlər ölkəmizin gücünü və qətiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Xalqımız şahiddir ki, bu uğurların arxasında Sizin də hərtərəfli dəstəyiniz, böyük zəhmətiniz, dövlət başçımıza və Vətənimizə göstərdiyiniz sədaqətli xidmətiniz dayanır.

Sizin uğurlu fəaliyyətiniz yalnız siyasət və dövlətçiliklə məhdudlaşmır. Heydər Əliyev Fondunun rəhbəri olaraq həyata keçirdiyiniz xeyirxah layihələr, elmə, mədəniyyətə, təhsilə, səhiyyəyə verdiyiniz böyük töhfələr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın adını ucaldır. Sizin sayənizdə Vətənimizin qədim mədəniyyəti dünyada daha geniş tanıdılır, milli-mənəvi dəyərlərimiz qorunur və gələcək nəsillərə ötürülür.

Bizi – ağsaqqalları xüsusilə duyğulandıran məqam isə hər zaman yaşlı nəslə göstərdiyiniz sonsuz ehtiram və diqqətdir. Siz ağsaqqalların müdrikliyinə, onların həyat təcrübəsinə və fəaliyyətinə daim yüksək dəyər verərək xalqımızın mənəvi dayaqlarını həmişə uca tutursunuz. Bu, bizi həm qürurlandırır, həm də gələcəkdə daha böyük əzmkarlıqla fəaliyyət göstərməyə ruhlandırır.

Əziz Mehriban xanım!

Bu xoş fürsətdən istifadə edərək bir daha Sizi doğma Vətənimizin çiçəklənməsinə həsr etdiyiniz fədakar ömrünüzün əlamətdar və xoş günü – Ad Gününüz münasibətilə ürəkdən təbrik edir, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə böyük xidmətlərinizi hər bir ölkə vətəndaş kimi, biz – Azərbaycan ağsaqqalları da yüksək dəyərləndirir, Sizə ən xoş və səmimi istəklərlə daim gözəl əhval-ruhiyyə, tükənməz nailiyyətlər arzulayırıq!

Uca Allahdan hər zaman möhtərəm Prezidentimizi, Sizi, ailənizi, Azərbaycan xalqını və doğma Vətənimizi qorumasını diləyirik!"

 

 

 

Dərin hörmət və səmimiyyətlə,

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Şuranın sədri,

millət vəkili, professor Eldar QULİYEV

Seçilən
1
modern.az

1Mənbələr