Şamaxıda COP29 İqlim Dəyişikliyi üzrə yay düşərgəsinin açılış mərasimi keçirilib.
Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un sədri Muxtar Babayev hazırda əsas diqqətin “yaşıl təhsil” üzərində cəmləndiyini vurğulayıb.
“COP29 çərçivəsində formalaşdırılan irsimiz də məhz bu istiqamətə yönəlib. Məktəblər və universitetlərdə müxtəlif təhsil proqramları vasitəsilə gənclərə iqlimlə bağlı bilik və bacarıqlar aşılanır. Şamaxı gələcək illərdə də proqramlarımız üçün xüsusi əhəmiyyət daşıyan bir məkana çevriləcək. Bu gün burada iqlim müzakirələri, yaşıl təhsil və ekoloji təşəbbüslər ətrafında fikir və ideya mübadiləsi aparmaq üçün əlverişli platforma mövcuddur. Çünki bu gün dünyada əsas prioritet, gələcək nəsillər üçün daha davamlı həyat və iqlim baxımından dayanıqlı inkişafı təmin etməkdir.
Azərbaycan hökuməti və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən bu proqramlar gənc nəslin ekoloji şüurunun artırılmasına mühüm töhfə verir. Bu ideyaların təbliğində müəllimlər və təhsil işçiləri aparıcı rol oynayır. Onlar yaşıl gündəmin əsas daşıyıcıları kimi ölkə üzrə maarifləndirmə işlərinin genişlənməsinə dəstək verirlər. Bu prosesdə gənclərin fəal rolu da diqqətəlayiqdir. Son illərdə regionun iqlim gündəliyinə diqqət daha da artıb. Özbəkistanda keçirilən forum, Qazaxıstanın paytaxtı Astanada, Qırğızıstanın Bişkek şəhərində, eləcə də Tacikistanda təşkil olunan müzakirələr, xüsusilə buzlaqların qorunması və ekoloji problemlərin həlli ilə bağlı regional əməkdaşlığı gücləndirib. Gələn il Qazaxıstanda keçiriləcək regional iqlim forumu isə yeni ideyaların və fəaliyyətlərin müzakirəsi üçün daha geniş imkan yaradacaq. Azərbaycan bu proseslərdə aktiv iştirakını davam etdirəcək”, - deyə Muxtar Babayev bildirib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, ekologiya ilə bağlı məsələlər üzrə belə tədbirlərə Şamaxı dəfələrlə ev sahibliyi qeyd edib ki, bu da çox sevindirici haldır.
“Bundan əvvəl bu çağırışın çox vacib bir hissəsi həyata keçirilmişdi və hesab edirəm ki, bu tədbir həmin prosesin davamıdır. Şamaxı Azərbaycanın və regionun ən qədim şəhərlərindən biridir. Bu bölgə zəngin mədəniyyəti, qədim ənənələri və, təbii ki, təbii sərvətləri ilə seçilir. Mənim fikrimcə, bu məsələlərin ən vacib tərəfi humanitar yanaşma, mədəniyyət və sözsüz ki, bu istiqamətdə regionumuzun təbiətinə və ekoloji dəyərlərinə diqqət yetirməkdir. Eyni zamanda, ekologiya ilə bağlı məsələlərdən də danışmaq vacibdir”, - deyə Tahir Məmmədov əlavə edib.
Sonra çıxış edən COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı riskləri dərk edən tərəflərin və qeyri-dövlət iştirakçılarının bir araya gələrək maliyyələşdirmə məsələlərində razılığa gəlməsi çox önəmli idi: “Eyni zamanda, özəl sektor, vətəndaş cəmiyyəti, akademik qurumlar, şəhərlər və digər tərəfdaşların bu prosesdə dövlətləri dəstəkləməsi də olduqca dəyərli idi. Bu, asan iş deyil. İqlim dəyişikliyi bizim qarşılaşdığımız ən böyük riskdir və biz bu çətinliyin öhdəsindən yalnız birlikdə gəlməliyik. Həmçinin gənclərin də bu prosesə fəal qoşulduğunu görmək çox xoş idi. Bu fürsətdən istifadə edərək göstərdiyi təşəbbüs və liderliyə görə Leyla Həsənovaya səmimi təşəkkürümü bildirirəm. Bildiyimə görə, gənclər üzrə iqlim səfiri rolu artıq iki ildir ki, mövcuddur və Leylanın bu müddətdə göstərdiyi fəaliyyət böyük nümunədir. COP29-da gənclərin bir araya gələrək öz hüquqlarını tələb etməsi, iqlim böhranına qarşı təcili tədbir görülməsi ilə bağlı çağırışlar etməsi bizi çox sevindirdi. Biz məhz belə fəal gənclik görmək istəyirik”.
COP29-un könüllülərlə iş üzrə rəhbəri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva bildirib ki, COP29 tədbirlərinə hazırlıq prosesində 16 min könüllü iştirak edib, tədbirin icrasında isə 4 mindən çox gənc fəallıq göstərib. Ən gənc könüllü 16, ən yaşlı isə 70 yaşında olub.
COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova bildirib ki, ikinci “İqlim Dəyişikliyi Yay Düşərgəsi”nin açılışında çıxış etmək mənim üçün böyük şərəfdir: “Çünki bu, sadəcə bir proqram deyil – ötən il COP29-un Gənclər üzrə Çempionu kimi fəaliyyətim dövründə yaranan bir arzudur. Ötən il bu düşərgəni ilk dəfə təşkil edəndə 35 ölkədən 75 gənc müəllimi qəbul etmişdik. Onların hər birinin gətirdiyi enerji və fədakarlığı bu gün də xatırlayıram. Bu, bir daha göstərdi ki, iqlim fəaliyyəti təhsildən başlayır – gənclərə daha yaxşı bir dünya qurmaq üçün düzgün alətlər və biliklər verməklə. Bu il isə çox xoşbəxtəm ki, bu ənənə davam edir. Bu dəfə 20 ölkədən 46 ilhamverici iştirakçı ilə yanaşı, Azərbaycanın bölgələrindən 10 gənc müəllimi də aramızda görürük”.
Qeyd olunub ki, tədbirin məqsədi iqlim dəyişikliyini səmərəli şəkildə öyrətmək üçün xidmətəqədər və xidmətdə olan erkən karyera pedaqoqlarını bilik və pedaqoji bacarıqlarla gücləndirmək, qlobal iqlim diskursunu təhsil vasitəsilə yerli fəaliyyətlə birləşdirmək, təhsil işçiləri arasında həmyaşıd öyrənmə, mədəniyyətlərarası əməkdaşlıq və qlobal şəbəkələşməni təşviq etmək, Yaşıllaşdırma Təhsil Tərəfdaşlığının məqsədlərinə töhfə və yaşıl məktəblərin inkişafına dəstək vermək, həmçinin düşərgədən sonra məktəb və icma əsaslı iqlim layihələrinin təşəbbüskarı olmaq üçün müəllimləri ruhlandırmaqdır.
Tədbirin əsas tərəfdaşları Mərkəzi və Şimali Avropa ölkələri (CEE), Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), Ekologiya Təhsil Fondu (FEE), Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA), Universitetlərarası-məktəblərarası Liqa (UIL), Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) və “Regional İnkişaf” İctimai Birliyidir (RİİB).
Qeyd edək ki, Prezidentliyin Gənclər İqlim Çempionu (PYCC) institutu ilk dəfə Dubayda keçirilən COP28 zamanı təqdim olunub. Onun əsas məqsədi uşaqların və gənclərin iqlim fəaliyyəti məkanında, xüsusən də UNFCCC prosesi çərçivəsində daha mənalı və strukturlaşdırılmış şəkildə iştirakını təşviq etməkdir.
COP29 İqlim Dəyişmələri üzrə Yay Düşərgəsi iqlimə həssas yeni nəsil müəllimlərin formalaşmasına töhfə verərək, sinif otaqlarından cəmiyyətə yayılan təsir yaratmaq, ortaq təcrübələri paylaşmaq və daha yaşıl dünyaya keçidi təşviq etmək məqsədi daşıyır. COP29-un Gənclər üzrə İqlim Çempionunun missiyasını davam etdirən bu təşəbbüs iştirakçıları iqlim dəyişmələri, COP prosesi və dayanıqlılıq sahələrində zəruri bilik və bacarıqlarla təmin edərək məktəblərdə və icmalarda dayanıqlı dəyişikliklərə təkan verir. Eyni zamanda, tədbir “Greening Education Partnership” təşəbbüsünə töhfə verməklə yaşıl məktəblərin inkişafını dəstəkləyir. Avqustun 29-dək davam edəcək düşərgə gələcək nəsilləri iqlim fəaliyyətində aktiv iştirak etməyə ruhlandırmağı hədəfləyir.