Norveçli alimlərin 1974–1988-ci illərdə apardığı genişmiqyaslı araşdırmada 73 min insanın məlumatları təhlil olunub. Nəticədə yağlılığı təxminən 3,5 faiz olan südü qəbul edənlərdə ürək-damar xəstəliklərinin, həmçinin müxtəlif səbəblərdən ölüm riskinin artdığı müəyyən edilib. Bu nəticə isə südün gündəlik qida rasionunda yerinə dair müzakirələrə səbəb olub. Maraqlıdır, südün “ölüm riski” ilə əlaqələndirilməsi insanları bu məhsulu qəbul etməkdən çəkindirə bilərmi?
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Konkret.Az-a açıqlamasında bildirib ki, südün tərkibində faydalı yağ turşuları, olein və linolein turşuları mövcuddur. Onlar hüceyrə membranının qurulmasında, iltihabların tənzimlənməsində və ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır.
Digər tərəfdən, insan orqanizminə zərər verə biləcək zərərli xolesterinlər bəzi süni yağlarda və yüksək temperaturdan keçmiş (trans yağlarda) qidalarda olur. Süd isə, təbii qaynaqlı bir məhsul olaraq, bu zərərli birləşmələri yüksək miqdarda ehtiva etmir.
Ekspert qeyd edib ki, süd içilməsi bəzi insanlarda laktoza dözümsüzlüyünə səbəb ola bilər:
“Laktaza fermentinin azlığı səbəbindən süd şəkəri parçalanmır və nəticədə şişkinlik, qaz, ishal, narahatlıq yarana bilir. Belə hallarda ən uyğun seçim laktozsuz süddür. Süd məhsulları, qatıq, pendir isə həm daha az laktoza ehtiva edir, həm də inanılmaz faydaları var”.
Ağa Salamovun sözlərinə görə, südün tamamilə rasiondan çıxarılması doğru yanaşma deyil, çünki süd məhsullarının orqanizm üçün əvəzolunmaz faydaları var. Lakin fərdi xüsusiyyətlər nəzərə alınmalıdır:
“Ümumilikdə insanlara südü bir qədər az içmək tövsiyə oluna bilər. Amma bu mövzuda yekun qərar vermək çətindir. Südün sağlamlığa təsiri insanın genetik xüsusiyyətləri, metabolik vəziyyəti və həyat tərzi ilə bağlıdır. Ona görə də süd istehlakı şəxsi ehtiyaclara uyğun tənzimlənməlidir. Zərurət olduqda isə mütləq həkimlə məsləhətləşmək lazımdır”.
Aynurə İsmayıl