AZ

Prezident İlham Əliyevin Kəlbəcərə səfəri tarixi Zəfərin inkişaf yoludur

Xaləddin Tağıyev,

YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci Publik Hüquqi Şəxsi ərazi partiya təşkilatının sədr müavini 

Azərbaycan xalqı işğal illərində bütün çətinliklərə baxmayaraq, inamını itirmədi və bu müqəddəs günü yaxınlaşdırmaq üçün həm siyasi, həm də iqtisadi müstəvidə əzmlə çalışdı. Bu gün Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin gücünü və vətəndaşına qayğısını nümayiş etdirir. Yeni yaşayış kompleksləri, məktəblər, yollar, işıq, su və qaz təminatı – bütün bunlar dövlətimizin Kəlbəcəri müasir şəhərsalma nümunəsinə çevirmək iradəsindən xəbər verir. Uzun illər ağır şəraitdə yaşamış soydaşlarımız artıq doğma torpaqlarında ən gözəl şəraitdə məskunlaşırlar ki, bu da milli dirçəlişin ən bariz göstəricisidir. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, ərazi bütövlüyümüz tam bərpa olundu. Kəlbəcərin bir güllə atılmadan azad edilməsi isə bu tarixi qələbənin ən parlaq səhifələrindən biridir. Ermənistanla sülh müqaviləsinin paraflanması isə regionda yeni mərhələnin başlanğıcıdır. Xüsusilə Naxçıvanla quru bağlantısının təmin edilməsi tarixi qələbəmizin mühüm strateji uğurlarından biridir və Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunu daha da artırır.

Prezident cənab İlham Əliyevin Kəlbəcərdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan bu gün qalib xalq və qalib dövlət kimi yaşayır. Cənab Prezidentin vurğuladı kimi, son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. Bu qələbə yalnız hərbi uğur deyil, həm də siyasi iradənin, xalq birliyinin və strateji diplomatiyanın nəticəsidir. 30 ilə yaxın işğal altında olan ərazilərin azad edilməsi, ərazi bütövlüyünün bərpa olunması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin təmin olunması tarixi ədalətin bərpası deməkdir. Məhz bu səbəbdən Azərbaycanın qazandığı Qələbə bənzərsizdir və çağdaş dövrün ən parlaq nümunələrindən biri kimi tarixə düşüb.

Ermənistanın törətdiyi vəhşiliklər, Kəlbəcərdə və digər bölgələrdə törədilmiş dağıntılar heç vaxt yaddaşımızdan silinməyəcək, lakin Azərbaycan düşməndən qisasını döyüş meydanında aldı və indi quruculuq, inkişaf, sülh yaratmaqla fərqlənir. Bu gün Kəlbəcərin dağlarında dalğalanan üçrəngli bayrağımız həm Zəfərin, həm də yeni həyatın simvoludur.

Seçilən
15
yeniazerbaycan.com

1Mənbələr