BAKI, 25 avqust. TELEQRAF
“Türkiyə yanğınsöndürmə işlərində dünyada lider dövlət olaraq qalır. Yanan ərazilərin ümumi meşə örtüyünə nisbətinə baxdıqda, eyni iqlim qurşağında olan bütün ölkələrdən daha yaxşı vəziyyətdəyik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ölkə başçısı bildirib: “Effektiv yanğınsöndürmə ilə yanaşı, yanğından sonra meşə salınmasında da yüksək uğur qazanırıq. Ən yüksək meşə salınma dərəcəsinə görə Avropada birinci, dünyada dördüncü yerdəyik. Meşələrimizin üçdə ikisi yanğın təhlükəsi olan ərazilərdədir. Birləşmiş Millətlər Təşkilatı meşə yanğınlarının 2030-cu ilə qədər 14 faiz, 2050-ci ilə qədər isə 30 faiz artacağını proqnozlaşdırır. Bu dəhşətli ssenaridə ehtiyat tədbirləri görməliyik.
Ölkəmiz meşə yanğınları ilə üzləşən yeganə ölkə deyil. Yay boyu bir çox ölkə, o cümlədən qonşu Yunanıstan, İspaniya, Fransa, Portuqaliya, İtaliya, ABŞ və Kanada böyük meşə yanğınları ilə mübarizə aparıb.
Bunu bir daha vurğulamalıyam: Türkiyə yanğınla mübarizədə 27 təyyarə, 105 helikopter və 6000-ə yaxın quru nəqliyyat vasitəsi ilə tarixinin ən böyük və ən inkişaf etmiş donanmasına sahibdir”.