Berlin Moskvanı Ukraynada ədalətli sülhə çağırır...
Poliqon xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yoxann Vadeful Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edərək bildirib ki, vaxt udmaq cəhdləri nəticəsiz qalacaq. Onun sözlərinə görə, Moskvaya təzyiq davam etməli, bu səbəbdən Avropa İttifaqı 19-cu sanksiyalar paketini hazırlayır.
Vadeful qeyd edib ki, danışıqlar prosesində indi söz Putindədir — o, Ukraynada davam edən müharibədə ədalətli sülhə nail olmaq üçün həqiqətən hazır olduğunu sübut etməlidir. “Görünən odur ki, bu məsələdə ciddi şübhələr var”, — deyə nazir vurğulayıb və əlavə edib ki, Kiyev artıq ilkin şərtlər olmadan sülh danışıqlarına razılıq verməklə qarşı tərəfə addım atıb.
Eyni zamanda, Almaniya XİN rəhbəri bildirib: “Bir şey aydındır — heç bir danışıqlar Ukraynalıların arxasında aparılmayacaq. Bu, bizim ortaq Avropa vədimizdir”. Vadeful Kiyevə Avropanın “siyasi, iqtisadi və hərbi” dəstəyinin davam edəcəyini də təsdiqləyib.
Poliqon.info