AZ

Şirkətin anbardarı kampın ərazisində maşın saxlayan sürücünü döydü - QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Abdulla Məmmədovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Ağdam Rayon Məhkəməsinin hökmü cəzaya aid hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ona 1200 manat cərimə cəzası təyin olunub. Abdulla Məmmədov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.


İttihama görə, hadisə 19 iyul 2024-cü ildə, saat 15 radələrində Ağdam rayonunun Qızıllı Kəngərli kəndi ərazisində yerləşən MMC-lərdən birinin kampının həyətində qeydə alınıb.
 

Belə ki, həmin şirkətdə anbardar işləyən Abdulla Məmmədov zərərçəkmiş Qasım Səfərovun (adı, soyadı şərtidir) kampın həyətində saxladığı avtomobili çıxartması kimi qanunsuz tələb irəli sürüb. Zərərçəkmiş isə buna etirazını bildirib. Bu zaman Abdulla MMC-nin əməkdaşlarının gözü qarşısında Qasımın yumruqla bir neçə dəfə baş, sifət nahiyələrinə, təpiklə bir neçə dəfə qarın və qılça nahiyələrinə zərbə endirib xəsarətlər yetirib.


Hadisədən sonra Abdulla Məmmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Ağdam Rayon Məhkəməsinin hökmü ilə qazancından iyirmi faiz məbləğdə dövlət nəfinə pul tutulmaqla, o, bir il müddətə islah işləri cəzasına məhkum edilib.

 

Kamal Məmmədov 

 

Tarix: 26 Avqust 2025, 09:34   
Seçilən
19
pravda.az

1Mənbələr