AZ

Nə yaxşı ki, varsınız! - Mədəniyyət xadimlərindən TƏBRİK MESAJLARI

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. O, uzun illərdir Azərbaycanın ictimai, humanitar və mədəni həyatında fəal rol oynayır. Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin inkişafı, səhiyyə və mədəniyyət sahələrində genişmiqyaslı layihələrin həyata keçirilməsinə xüsusi töhfə verib. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də xeyriyyəçilik və mədəni missiyası ilə seçilir. Mehriban Əliyeva Azərbaycanın mədəni irsinin, incəsənətinin, milli musiqisinin, xüsusilə də muğam sənətinin dünyada tanıdılmasında mühüm rol oynayıb. Eyni zamanda, sosial həssas qrupların müdafiəsi və cəmiyyətin rifahının yüksəldilməsi onun fəaliyyətində əsas istiqamətlər sırasındadır. Dövlətə və xalqa xidmət prinsipi ilə çalışan Mehriban Əliyeva nümunəvi lider, mərhəmətli ziyalı və güclü Azərbaycan xanımı kimi səciyyələndirilir.

Tanınmış mədəniyyət xadimləri Modern.az saytı vasitəsilə Mehriban Əliyeva təbrik ünvanlayıblar.

Xalq artisti, xanəndə Mənsum İbrahimov bildirib ki, Mehriban xanım muğam sənətinin böyük dəstəkçisi, hamisi və qayğıkeşidir:


“Heydər Əliyev Fondu yaradıldıqdan sonra muğam sənətimizin inkişafı daha da sürətləndi. 2005-ci ildən etibarən Fondun təşəbbüsü ilə muğam televiziya müsabiqələrinə start verildi. Bu günə qədər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 9 muğam müsabiqəsi keçirilib və bu müsabiqələrin nəticəsində onlarla gənc xanəndə sənətə gəlib.

Bu gün həmin istedadlı gənclərin bir qismi Opera və Balet Teatrının solistləri, bir qismi isə Milli Konservatoriyada müəllim kimi çalışır. Onlar artıq özləri də yeni ifaçılar yetişdirir və sənətimizi bizimlə çiyin-çiyinə təbliğ edirlər. Təkcə Azərbaycanda deyil, bütün dünyada muğamın tanıdılması və sevdirilməsində Mehriban xanımın müstəsna xidmətləri var. Bu gün də biz onun dəstəyini daim arxamızda hiss edirik. İstər bir sənət adamının səhhətində problem yarandıqda, istərsə də sosial məsələlərdə Mehriban xanım hər zaman öz diqqət və qayğısını əsirgəmir.

Müsabiqələrin əvvəlində və sonunda ustadlarla görüşlər keçirir, onların problemləri ilə şəxsən maraqlanır.

Bu gün muğam sənətinə yeni səslərin, operamıza isə yeni Leyli və Məcnunların gəlməsində Mehriban xanımın rolu danılmazdır. Fürsətdən istifadə edib, bütün muğam ifaçıları adından Mehriban xanıma uzun ömür, möhkəm can sağlığı arzulayıram. Allah onu qorusun! O, bizim üçün, xalqımız, millətimiz və xüsusilə də ustadlarımız üçün çox əzizdir”.

Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi deyib ki, Azərbaycan mədəniyyəti dünya mədəniyyətləri içərisində seçilən və zəngin bir mədəniyyətdir.


“Təsviri sənətdən tutmuş musiqiyə qədər bütün sahələri ilə fərqlənir. Müstəqillik qazandıqdan sonra, çətinliklərlə dolu bir dövrdə mədəniyyət sahəsi də müəyyən dərəcədə tənəzzülə uğramışdı. Lakin nə yaxşı ki, məhz belə bir zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mədəniyyətimizə sahibləndi, ona dəstək oldu və dirçəlməsində müstəsna rol oynadı.

Onun musiqiyə, xüsusilə də muğam sənətinə göstərdiyi xüsusi diqqət və dəyər heç də təsadüfi deyil. Mehriban xanım uşaqlıq illərindən bu mədəniyyətin ruhunda böyüyüb və bu sevgi ailəsində nümunəvi tərbiyə olaraq ona aşılanıb. Təkcə ölkə daxilində deyil, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması və təbliğində də onun böyük nailiyyətləri və əməyi var. Bu, mədəniyyət sahəsində çalışan hər kəsin, eləcə də bütün xalqımızın gözləri qarşısındadır. Belə bir diqqət və qayğı üçün Mehriban xanıma sonsuz təşəkkür edirik.

Hər bir dövlətdə mədəniyyətə hamilik edən insanlar olmalıdır. Çünki məhz bu dəstək vasitəsilə milli dəyərlər qorunur və dünyaya tanıdılır. Mehriban xanımın Azərbaycan mədəniyyətinə göstərdiyi ana qayğısı, şəfqəti hər birimizi sevindirməyə bilməz. Bu əməyin nəticəsində mədəniyyətimiz dünyaya bəyan olunur. Unutmayaq ki, hər bir xalq, hər bir millət dünyada ilk növbədə mədəniyyəti ilə tanınır. Mehriban xanımı doğum günü münasibətilə təbrik edirəm. Nə yaxşı ki, o var. Azərbaycan mədəniyyəti onunla fəxr edir, qürur duyur və ona dərin təşəkkür edir. Allah ona uzun ömür, möhkəm can sağlığı versin!”

“Mehriban xanımın Azərbaycan mədəniyyətinə, onun inkişafına verdiyi töhfələr saysız-hesabsızdır”, - bu sözləri Xalq artisti, aktrisa Həmidə Ömərova söyləyib.


“Şəxsən özüm dəfələrlə Xarı Bülbül Festivalının açılışında iştirak etmişəm və ilk dəfə qədim Şuşada o uçulmuş, dağıdılmış, sökülmüş, üzərində qan ləkələri, şəhidlərin adları olan binaları görəndə necə kövrəldiyimi xatırlayıram. Mədəni irsimizin bu cür vandalizmə məruz qalmasının şahidi olan Mehriban xanımın gözləri necə yaşarırdı, necə həyəcan keçirirdi... Növbəti dəfə eyni festivalda iştirak edəndə, Mehriban xanımın o kədərlə baxdığı binaların artıq restavrasiya olunduğunu, yerində yeni mədəniyyət ocaqlarının tikildiyini gördüm. Bütün belə məktəblərin, xəstəxanaların, muzeylərin inşasında da onun əvəzsiz rolu var.

Mehriban xanım mədəniyyət adamına heç vaxt fərq qoymur - istər şair olsun, istər yazıçı, aktyor və ya musiqiçi. Hər birinə eyni qayğı və diqqətlə yanaşır. Onların arzularını dinləyir, problemlərini həll etməyə çalışır. Mən onu doğum günü münasibətilə təbrik edirəm. Düşünürəm ki, o, doğrudan da xalqımızın incisi, vətənini və xalqını sevən kövrək Azərbaycan xanımıdır. Ona möhkəm can sağlığı və başladığı bu müqəddəs işi uğurla davam etdirməsini arzulayıram”.

Əməkdar artist, xanəndə Təyyar Bayramov da Mehriban xanımı doğum günü münasibətilə bütün muğam ifaçıları adından təbrik edib:


“Mehriban xanım hər zaman muğam sənətinə və onun ifaçılarına dəstək olan, dayaq duran şəxsdir. Heydər Əliyev Fondunun təşkil etdiyi Muğam Müsabiqəsinin uğurlu nəticələri bir daha təsdiqləyir ki, dövlətimizin və xüsusilə Fondun milli musiqimizə yönəltdiyi siyasət öz bəhrəsini verir. Bu müsabiqənin iştirakçıları və qalibləri Azərbaycanı beynəlxalq səviyyədə, dünya ölkələrində təmsil edirlər.

Onların bir çoxu bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Muğam Mərkəzinin, Dövlət Filarmoniyasının və AzTV-nin solistləri kimi fəaliyyət göstərirlər. Bu isə birbaşa dövlətimizin və Mehriban xanımın gəncliyə, milli irsimizə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.

Əziz Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində bu uğurlar mümkün olub. Mən də 20 il əvvəl bu layihə sayəsində tanınmışam və artıq pedaqoji fəaliyyətlə məşğulam. Bu, mənim üçün qürurverici bir hissdir.

Xüsusilə vurğulamaq istəyirəm ki, bu gün muğam müsabiqələrinin Qarabağda keçirilməsi misilsiz bir tarixi hadisədir. Bu, təkcə sənətimizin deyil, həm də mədəni irsimizin dirçəlişinin göstəricisidir və bütün bunlar Mehriban Əliyevanın əzmkarlığı, milli musiqimizə verdiyi dəyərin nəticəsidir.

Allah Mehriban xanımı qorusun!”.

Seçilən
10
1
modern.az

2Mənbələr