AZ

On minlərlə tələbə Bakıya gəlir Metroda hərəkət qrafiki dəyişəcək?

ain.az bildirir, Milli.az portalına istinadən.

Artıq yay tətilinin bitməsinə sayılı günlər qalır. Tətilin bitməsi həmçinin rayonlarda yaşayan tələbələrin də yenidən şəhərə qayıtması və sərnişin sıxlığının artması deməkdir. Ali məktəblərin əksəriyyətinin paytaxtda yerləşməsi buraya hər il on minlərlər yeni tələbənin gəlişi deməkdir. On minlərlə tələbənin Bakıya üz tutması digər ictimai nəqliyyat vasitələrində olduğu kimi metroda da sıxlığa səbəb olur.

Bəs Bakı Metropoliteni yeni tədris ilinə hazırdırmı?

Trend-in sorğusuna cavab olaraq Bakı Metropolitenindən bildirilib ki, metropolitendə yeni tədris mövsümünün başlanması ilə əlaqədar hazrlıq işləri planlaşdırılmış qaydada davam etdirilir:

"İctimaiyyətə cari ilin may ayında verilmiş məlumata əsasən, Bakı metropolitenində 2009-cu ildən sonra ilk dəfə intervalların azaldılmasına nail olunub. Sıxlığın qismən tənzimlənməsi, sərnişin məmnunluğunun daha da artırılması baxımından bu addımlar müsbət nəticə verib. Hazırda qatarların hərəkət qrafikinin payız-qış mövsümünə uyğun qurulması ilə bağlı işlər yekun mərhələsindədir.

Bununla yanaşı, yeni mövsümdə müxtəlif qurum, müəssisə və təşkilatların iş rejimi ilə bağlı məlumatların toplanması və emal edilməsi, paytaxtın mobillik planlarında, digər ictimai nəqliyyat vasitələrinin fəaliyyətindəki mümkün dəyişikliklər də diqqətdə saxlanılır".

Qeyd edilib ki, payız mövsümünün başlanması ilə əlaqədar metropoliten infrastrukturunda texniki və insan resursları baxımından hazırlıq tədbirləri görüləcək:

"Qatarlarla yanaşı, mütəmadi olaraq eskalatorların, ventilyatorların iş rejimləri, sərnişinə xidmət avadanlıqları və sistemləri nəzarətdə saxlanılır və bu istiqamətlərdə işlər və monitorinqlər planlı şəkildə davam etdirilir.

Payız mövsümün, o cümlədən yeni tədris ilinin tələb və xüsusiyyətləri nəzərə alınmaqla, infrastruktur və metropolitendən istifadə qaydaları, yönləndirilmə, səmti rahatlıqla müəyyən etmə və digər məqamlarla bağlı sərnişinlə birbaşa ünsüyyətdə olan işçi personalının hazırlığı və təlimatlandırılması zamanında yekunlaşdırılacaq".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
11
news.milli.az

10Mənbələr