AZ

Tramp: Ukraynaya təhlükəsizlik təminatını Avropa verəcək

ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün təhlükəsizlik təminatlarının ətraflı müzakirəsinin zəruriliyini bəyan edərək, bunun təmin edilməsində Avropanın əsas rol oynayacağını və ABŞ-ın bu prosesə dəstək verəcəyini vurğulayıb. 

Məlumatı “Anadolu” verib. 

Prezident fərmanlarının imzalanması mərasimində çıxış edən Amerika lideri jurnalistlərin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı suallarını cavablandırıb. O qeyd edib ki, Birləşmiş Ştatlar münaqişəyə tezliklə son qoymağa çalışır, lakin bir sıra mühüm məsələlərin həllinə ehtiyac var.

Trampın fikrincə, əsas aspekt Ukrayna üçün təhlükəsizlik təminatlarıdır: “Biz hələlik həmin təminatların konkret nələri əhatə edəcəyini müəyyənləşdirməmişik, çünki onların təfərrüatları hələ müzakirə olunmayıb. Avropa Ukraynaya mühüm təhlükəsizlik zəmanətləri verəcək, biz də yardım göstərmək üçün prosesdə iştirak edəcəyik”.

Tramp bildirib ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə vəziyyəti müzakirə edib, ancaq söhbətdən sonra Rusiya Kiyevi vurub. 

Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin niyə hələ də görüşmədiyini soruşduqda Tramp belə cavab verib: “Çünki onlar bir-birlərini bəyənmirlər”.

P.ƏMİRCANOV
XQ

Seçilən
5
xalqqazeti.az

1Mənbələr