AZ

Möhtəşəm Zəfərdən böyük quruculuğa: strateji hədəflər ardıcıl olaraq gerçəkləşdirilir

Asif Əsgərov

Milli Məclisin deputatı

Avqustun 21-i Azərbaycan tarixində əlamətdar günlərdən biri kimi yadda qalacaq. Həmin gün Prezident İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri çərçivəsində çıxışı xalqımızın milli iradəsini, qələbə əzmini və xalq-iqtidar birliyini bütün dünyaya nümayiş etdirdi.

Kəlbəcərin işğaldan azad olunması həm Vətən müharibəsinin, həm də sonrakı siyasi-diplomatik proseslərin ən mühüm nəticələrindən biri kimi diqqət çəkir. Bu qələbə xalqımızın sarsılmaz iradəsi, əsgər və zabitlərimizin qəhrəmanlığı, dövlət rəhbərliyinin isə çevik və uzaqgörən siyasi-hərbi strategiyasının məntiqi nəticəsi idi. Beləliklə, Azərbaycan dünyaya göstərdi ki, torpaqlarını azad etmək üçün həm güc, həm də siyasi iradəyə malikdir.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı Azərbaycan tarixində ən böyük faciələrdən biri olmuşdur. Kəlbəcərin strateji mövqeyi, zəngin təbii sərvətləri və mühüm coğrafi əhəmiyyəti rayonu işğalçılar üçün xüsusi hədəfə çevirmişdir. O dövrdəki xəyanətkar və məsuliyyətsiz hakimiyyət isə ölkəmizi müdafiəsiz qoymuş, nəticədə Şuşa, Laçın və Kəlbəcərin ard-arda itirilməsi bütövlükdə Qarabağın işğalına yol açmışdı. Bu, xalqımız üçün böyük faciə olmuşdu.

Uzun illər ərzində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir real nəticə vermədi. Ermənistan işğalı möhkəmləndirməyə çalışır, havadar dövlətlər isə ona açıq dəstək göstərirdi. Beynəlxalq birlik işğalçıya qarşı real təzyiqlər etsəydi, Qarabağ məsələsi çoxdan sülh yolu ilə həll oluna bilərdi. Lakin Azərbaycan xalqı yaxşı bilirdi ki, tarixi ədalət yalnız güclü dövlət və güclü ordu ilə bərpa oluna bilər.

2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar Azərbaycanı tamamilə yeni mərhələyə çıxardı. Güclü iqtisadi baza yaradıldı, ordu quruculuğu istiqamətində islahatlar həyata keçirildi, ölkənin beynəlxalq nüfuzu artırıldı. Bu illər ərzində görülən bütün işlərin strateji məqsədi Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək, milli suverenliyi tam təmin etmək idi.

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Ordumuz hər gün irəlilədi, bir qarış belə geri çəkilmə olmadı. Əksinə, düşmən ordusu kütləvi fərariliklə üzləşdi. Nəticədə Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bu sənəd əsasında Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan Azərbaycana qaytarıldı. Kəlbəcərin döyüşsüz azad olunması düzgün siyasi-hərbi planlaşdırmanın parlaq nəticəsi idi.

2023-cü ilin 19-20 sentyabrında keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ açdı.  Qondarma qurumun bütün hərbi-siyasi strukturları tamamilə ləğv edildi, separatizmin kökü kəsildi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərqərar oldu. Bu hadisə əlamətdar tarix kimi yaddaşlara yazıldı, çünki Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənmədi, həm də separatizmə birdəfəlik nöqtə qoydu. Dövlətimizin başçısı qeyd etdi ki, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi: “Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi”.

Prezident İlham Əliyevin Kəlbəcərdəki çıxışında xüsusi vurğuladığı məsələlərdən biri də rayonun bərpası idi. Artıq Kəlbəcərdə ilk yaşayış kompleksləri istifadəyə verilib, yeni komplekslərin təməli qoyulub. Gələcəkdə 10 mindən çox insan üçün müasir mənzillərin inşası nəzərdə tutulur. Şəhərə işıq, qaz, su xətləri çəkilib, yeni yollar salınıb, mina təmizləmə işləri aparılır. Təhsil və sosial infrastruktur da sürətlə bərpa olunur, yeni məktəblər tikilir, modul tipli təhsil müəssisələri istifadəyə verilir. Bütün bunlar “Böyük Qayıdış” proqramının real nəticələri olaraq xalqımıza ümid və inam bəxş edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

Cənab İlham Əliyev çıxışında ölkəmizin beynəlxalq müstəvidə əldə etdiyi uğurlara da diqqət çəkib. Vətən müharibəsi və lokal antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıqlar artıq dünya tərəfindən qəbul edilib. Ermənistanı dəstəkləyən qüvvələrin təzyiqləri nəticəsiz qalıb. Əksinə, Azərbaycan sülhün təşəbbüskarı kimi çıxış edib, imzalanan sənədlər ölkəmizin milli maraqlarını tam təmin edib. Xüsusilə Zəngəzur dəhlizinin açılması və Naxçıvanla quru bağlantısının yaradılması istiqamətində atılan addımlar dövlətimizin regional və qlobal əhəmiyyətini daha da gücləndirir.

Dövlətimizin əsas məqsədi artıq quruculuq və inkişafdır. Ermənistanın dağıtdığı şəhər və kəndlərin yerində müasir yaşayış kompleksləri, məktəblər, sosial obyektlər və mədəniyyət ocaqları inşa olunur. Azərbaycan döyüş meydanında ədaləti bərpa edib, lakin müharibədən sonra barış və tərəqqi yolunu seçib. Bu, qalib xalqın böyüklüyünün, müdrik dövlət rəhbərliyinin strateji uzaqgörənliyinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanmasını nümayiş etdirir. Dövlət başçısının səsnləndirdiyi fikirlər xalqımıza gələcək inkişaf yolunu göstərir, milli birliyi daha da möhkəmləndirir və ölkəmizin bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təminatçısı kimi rolunu təsdiqləyir. Kəlbəcərə dönüş, həmçinin yeni inkişaf və tərəqqi dövrünün başlanğıcıdır. Azərbaycan bundan sonra da güclü dövlət, qalib xalq olaraq yaşayacaq və əldə etdiyi zəfərləri daha böyük uğurlarla davam etdirəcək.

Seçilən
15
5
veteninfo.az

6Mənbələr