AZ

Özbəkistan Azərbaycan strateji qardaşlığı möhkəmlənir

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Özbəkistan bu gün “Özbəkistan – 2030” strategiyası çərçivəsində kompleks islahatlar yolu ilə inamla irəliləyir. Bu genişmiqyaslı proqram əhalinin həyat keyfiyyətinin hərtərəfli yüksəldilməsi, milli iqtisadiyyatın möhkəmləndirilməsi, turizm potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmişdir. Strategiyanın uğurla həyata keçirilməsi artıq öz bəhrəsini verməklə, ölkənin həm regionda, həm də beynəlxalq aləmdə mövqelərini gücləndirir.

İslahatların ən vacib istiqamətlərindən biri vətəndaşların rifahının artırılmasıdır. Təkcə 2024-cü ildə əhalinin real gəlirləri 6,3 faiz artmış, yoxsulluq səviyyəsi isə 2020-ci illə müqayisədə 17 faizdən 11 faizədək azalmışdır.

İqtisadi artım davamlı xarakter almışdır. 2024-cü ilin yekunlarına görə, Özbəkistanın ümumi daxili məhsulu 6,1 faiz artaraq Mərkəzi Asiyanın ən yüksək göstəricilərindən biri olmuşdur. Rəsmi məlumatlara görə, 2024-cü ildə Özbəkistanın əsas kapitalına yönəldilmiş investisiyaların ümumi həcmi 38,36 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bununla yanaşı, ötən il birbaşa xarici investisiyalar 53,6 faiz artaraq 11,9 milyard ABŞ dolları təşkil etmişdir. İqtisadiyyatın real sektorunda 250 mindən çox yeni iş yeri yaradılmışdır.

Turizmin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, keçən il Özbəkistanı turizm məqsədilə 8,2 milyon xarici vətəndaş ziyarət etmiş, bu isə pandemiyadan sonrakı rekord göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə Özbəkistana 6,6 milyon xarici turist səfər etmişdir, yəni 24,2 faiz artım qeydə alınmışdır. Həmçinin, 2024-cü ildə ölkə vətəndaşları 22,7 milyon daxili turizm səfəri həyata keçirmişlər.

2025-ci ilin əvvəlinə Özbəkistanda ümumi tutumu 161 min çarpayılıq 6,1 mindən çox yerləşmə müəssisəsi (otellər, hostellər və qonaq evləri) fəaliyyət göstərir. Ölkədə 2,5 mindən çox otel mövcuddur ki, onların da 18 faizi 4-5 ulduzlu obyektlərdir. Bütün bunlar müstəqil qiymətləndirmələrlə də təsdiqlənir. Ümumdünya Turizm Təşkilatına görə Özbəkistan Avrasiyada ən sürətlə inkişaf edən turizm sektoruna malik ölkələr siyahısına daxil olmuşdur.

Daxili islahatlar fonunda xarici siyasət vektoru xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi Özbəkistanın praqmatizm və şəffaflığa əsaslanan yeni diplomatiyasının parlaq nümunələrindəndir. 2024-cü ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi tarixi maksimum səviyyəyə yüksəlməklə 250,0 milyon dollardan çox olmuşdur. Hökumətlərarası Birgə Komissiya yaradılmış, tekstil sənayesi, kimya və logistika sahələrində birgə layihələr həyata keçirilməkdədir. Azərbaycan biznesi Nəvai və Cizzak vilayətlərində investisiyalara böyük maraq göstərir.

Beləliklə, sürətlə dəyişən geosiyasi şərait və regional həmrəyliyə artan tələbat fonunda Özbəkistan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq daha möhkəm və məzmunlu xarakter alır. Dövlətlərimiz qarşılıqlı hörmət, praqmatizm və qardaşlıq həmrəyliyi əsasında əməkdaşlığın necə qurula biləcəyini nümayiş etdirir. Üstəlik, ölkələrimiz dayanıqlılıq, açıqlıq və sülhə yönəlmiş regional əməkdaşlığın nümunələrindən birinə çevrilirlər.

Bu ilin iyul ayının əvvəlində Bakıda keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası iki ölkə münasibətlərinin inkişafında yeni mərhələ olmuşdur. Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri qarşılıqlı etimad və strateji dəstəyin mühüm simvoludur.

Özbəkistanın dövlət başçısı xüsusi vurğulamışdır ki, səfər və Şura iclası iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümündə keçirilir. Bu hadisə yalnız simvolik deyil, həm də dərin praktik məna daşıyır. Belə ki, Daşkənd ilə Bakı arasında siyasi, iqtisadi, humanitar və nəqliyyat əlaqələri görünməmiş məzmun almış, ölkəmizin Prezidentinin qeyd etdiyi kimi, “münasibətlərimiz tarix boyunca heç vaxt bugünkü kimi yüksək səviyyədə olmamışdır”.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı və investisiya cəlbediciliyinin artırılması strategiyasını ardıcıl həyata keçirməklə Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əsas rol oynamışdır. Bu səylər sayəsində ölkə Avrasiyanın mühüm enerji və logistika mərkəzinə çevrilmişdir. Cənab İlham Əliyevin uzaqgörən xarici siyasət kursu əsas tərəfdaşlarla, o cümlədən Özbəkistanla daha yaxın münasibətlərə xidmət edir.

Azərbaycanın iqtisadi uğurları Özbəkistanla enerji, nəqliyyat, kənd təsərrüfatı və ticarət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu əlaqələrin dərinləşməsi iki ölkənin iqtisadiyyatlarının vahid məkan daxilində inteqrasiyası üçün yeni imkanlar açır.

Birincisi, Özbəkistan ilə Azərbaycanı ortaq məqsədlər, baxışlar və istəklər birləşdirir. Xalqlarımız hər zaman qardaşlıq və etimad münasibətləri üçün əsas olan tarix, oxşar dəyərlər, dil və mədəniyyətlə bir-birinə bağlıdır.

Bununla əlaqədar olaraq mənim üçün prinsipial əhəmiyyət daşıyan bir məqamı ayrıca vurğulamaq istərdim. Azərbaycanda yüksək səviyyədə təşkil olunmuş beynəlxalq tədbirlərdə iştirakım sayəsində mənə iki dəfə işğaldan azad edilmiş ərazilərə səfər etmək nəsib olmuşdur. Qədim və simvolik Şuşa şəhərinə səfər mənim üçün yaddaqalan hadisə idi. Azərbaycan xalqı üçün dərin tarixi, mədəni və mənəvi əhəmiyyətə malik Şuşa bu gün yenidən mədəniyyət və dirçəliş mərkəzi statusunu bərpa edir. Mən də öz növbəmdə fürsətdən istifadə edərək Azərbaycan xalqının qələbə sevincinə qoşulur, partiyamız adından Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən böyük zəfəri tarixi ədalətin təntənəsi kimi qiymətləndirirəm.

Mən şəxsən yerindəcə əmin oldum ki, cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan keçmiş münaqişə bölgəsi də daxil olmaqla, regionda mehriban qonşuluq, əməkdaşlıq və tərəqqi mühiti yaratmağa çalışır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin və infrastruktur layihələrinin icra sürətini yüksək qiymətləndirməklə xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın ortaya qoyduğu nümunə yaradıcı yanaşma və milli birlik modelidir.

İkincisi, qarşılıqlı siyasi etimad mütəmadi dövlətlərarası əlaqələrlə möhkəmlənir. Son aylarda Xivədə ilk Parlamentlərarası Forum, Əndicanda 60-dan çox sazişin imzalanması ilə nəticələnən Rektorlar Forumu, eləcə də Bakıda Hökumətlərarası Komissiyanın iclası və Regionlar Forumu baş tutmuşdur. Bütün bunlar tərəfdaşlıq proseslərinə mərkəzi hakimiyyətdən regionlara və universitetlərə qədər ən müxtəlif səviyyələrdə cəlb olunmanın göstəricisidir.

Üçüncüsü, iqtisadi gündəm Ali Dövlətlərarası Şuranın ikinci iclasının əsas mövzusu olmuşdur. Təsadüfi deyil ki, 2025-ci il iki ölkə arasında İqtisadi Əməkdaşlıq İli elan edilmişdir.

Hazırda Azərbaycan və Özbəkistanda təxminən 300 birgə müəssisə fəaliyyət göstərir. Birgə investisiya layihələrinin portfeli 4 milyard dollara çatmışdır və bu, yalnız başlanğıcdır. Yaxın illərdə ticarət və investisiya həcmlərinin illik 1 milyard dollara çatdırılması planlaşdırılır.

Sözügedən iclasda sənaye, infrastruktur, kənd təsərrüfatı, turizm, səhiyyə və maliyyə sahələrində layihələri əhatə edən xüsusi Əməkdaşlıq Proqramı təqdim edilmişdir. Eyni zamanda, birgə investisiya şirkətinin fəaliyyətinin fəallaşdırılması, Sahibkarlar Şurasının yaradılması, Sənaye və İqtisadi Zonalar Forumunun təşkili təşəbbüsləri dəstəklənmişdir. Bu, tərəflərin yalnız ənənəvi ticarətə deyil, əlavə dəyər zəncirlərinin, yüksək texnologiyalı sektorların və dayanıqlı inkişafın kompleks şəkildə inkişafına sadiqliyini göstərir.

İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planı (“Yol xəritəsi”)” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı” mühüm əhəmiyyət kəsb edir.

Görüşün ən önəmli nailiyyətlərindən biri Özbəkistanın Avropaya “yaşıl” elektrik enerjisinin ixracı üzrə birgə layihənin icrasının sürətləndirilməsinə dair razılaşma olmuşdur. Bu layihə Mərkəzi Asiya və Cənubi Qafqazda “yaşıl keçid” strategiyasının daha geniş hissəsi ola, perspektivdə regionun enerji müstəqilliyini və ekoloji təhlükəsizliyini gücləndirə bilər.

Digər önəmli məqam Transxəzər Nəqliyyat Dəhlizində (Orta Dəhliz) nəqliyyat əlaqələrinin inkişafıdır. 2025-ci ilin əvvəlindən başlayaraq Özbəkistan və Azərbaycan yükdaşımalara “e-Permit” elektron icazə sistemi tətbiq etmiş, bunun nəticəsində illik daşımaların həcmi 1 milyon tonu keçmişdir. Orta Dəhliz inkişaf etdikcə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən strateji arteriyaya çevrilir. Gələcəkdə bu marşrut geosiyasi cəhətdən qeyri-sabit ərazilərdən yan keçməklə Şərqlə Qərb arasında logistikanın əsas elementinə çevrilə bilər.

Bundan başqa, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”nun imzalanması da Xəzər dənizində dəniz logistikasının genişləndirilməsi üçün yeni imkanlar açır.

Humanitar sahədə imzalanan sənədlər göstərir ki, Daşkənd və Bakı arasındakı strateji tərəfdaşlıq yalnız praqmatik maraqları deyil, həm də dayanıqlı və inklüziv inkişaf məsələlərini əhatə edir. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası ilə bağlı 2025-2027-ci illər üzrə Tədbirlər Planı” da imzalanmışdır.

Bütün bunlar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə iki ölkənin səyləri kontekstində xüsusilə vacibdir. Belə olan halda biz ekoloji problemlər, təhsil, sosial dəstəyin də diqqət mərkəzində olduğu sosial siyasətdə regional liderlik nümunəsini görürük.

Mədəni əlaqələr də güclənir. Belə ki, Azərbaycanın “Şirvan” sazçı folklor qrupunun Xivədə keçirilən IV Beynəlxalq Baxşı Sənəti Festivalında “Qran-pri” mükafatını qazanması əlamətdar hadisədir. 2025-ci ildə gənclər və mədəniyyət mübadiləsi sahəsində bir sıra birgə tədbirlər də həyata keçirilir.

Bakıda “Özbəkistan” parkının tikintisinə başlanması və Özbəkistan Respublikası Səfirliyinin yeni binasının açılışı mühüm rəmzi addımlardır. Buna cavab olaraq Özbəkistanda “Azərbaycan” parkının və “Sea Breeze” turizm kompleksinin tikintisinə hazırlıq gedir. Bu təşəbbüslər mədəni və diplomatik dəyərə malikdir, qardaş xalqa hörməti və iki xalqın mənəvi yaxınlığını möhkəmləndirmək istəyini nümayiş etdirir.

Beynəlxalq və regional gündəmdə ölkələrin liderləri həmrəyliyi və beynəlxalq platformalarda bir-birinə dəstəyi gücləndirmək niyyətlərini təsdiqləmişlər. Özbəkistan ardıcıl olaraq bütün münaqişələrin və mübahisəli məsələlərin yalnız sülh yolu ilə, diplomatiya əsasında həllinə tərəfdardır. Azərbaycanın bu yanaşmanı dəstəkləməsi iki ölkənin beynəlxalq təşkilatlarda ortaq səsini gücləndirir.

Müasir dünyada təkcə dövlətlərarası deyil, həm də partiyalararası münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi bir dövrdə Özbəkistan və Azərbaycan yetkin, strateji cəhətdən düşünülmüş qardaşlıq münasibətlərinin nümunəsini nümayiş etdirirlər. Bu kontekstdə xüsusi olaraq vurğulamaq istərdik ki, 2022-ci ilin noyabr ayında cənab İlham Əliyevin partiyamızın nümayəndə heyətini qəbul etməsi yüksək dərəcədə rəmzi məna daşıyan bir hadisə idi. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin bu diqqəti UzLiDeP tarixində ən yaddaqalan səhifələrdən biri kimi həkk olunmuşdur.

Şəxsən mənim üçün bu qəbul iki dost ölkə arasında yüksək etimad və qarşılıqlı anlaşmanın növbəti parlaq təsdiqi, həmçinin Azərbaycan tərəfinin Özbəkistanla tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirməsinin sübutu oldu. Azərbaycan dövlətinin lideri Yeni Azərbaycan Partiyası ilə UzLiDeP arasında qarşılıqlı fəaliyyətin yüksək səmərəliliyini vurğulayaraq, qarşılıqlı səfərlərin davam etdirilməsi, dialoqun dərinləşdirilməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi və siyasi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etdi.

İki ölkə liderlərinin siyasi iradəsinin bariz nəticəsi 2024-cü ildə Azərbaycanda böyük bir sənədin - Yeni Azərbaycan Partiyası ilə Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalanması oldu. Bu sənədin imzalanması əldə olunmuş razılaşmaları möhkəmləndirməklə yanaşı, bərabərlik, qarşılıqlı dəstək və ortaq hədəflərə əsaslanan partiyalararası əməkdaşlığın yeni mərhələsinə start verdi. Bu sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin müddəalarının həyata keçirilməsinin bir nümunəsinə çevrildi.

Bu gün sözügedən memorandum çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərləri uğurla həyata keçirilir, təşkilati-ideoloji xarakterli aktual məsələlər ətrafında partiyalararası müzakirələr, partiya quruculuğu və seçicilərlə iş sahəsində qabaqcıl təcrübə mübadiləsi aparılır.

Beləliklə, YAP ilə UzLiDeP arasında partiyalararası əlaqələr Azərbaycan-Özbəkistan strateji dialoqunun dərinləşməsi üçün mühüm mexanizmə çevrilir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edir, bütövlükdə, regional sabitlik, inkişaf və tərəqqiyə dəyərli töhfə verir.

Bu, açıq şəkildə göstərir ki, ölkə daxilində aparılan islahatlar onun beynəlxalq nüfuzu ilə birbaşa bağlıdır. Partiyalarımız institutları inkişaf etdirməklə, iqtisadiyyatı gücləndirməklə və humanitar əlaqələri genişləndirməklə nəinki daxili problemləri həll edir, həm də mehriban qonşuluq və regional sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verirlər. Bu baxımdan, imzalanmış Memorandum sadəcə bir sənəd deyil, həm də Özbəkistan ilə Azərbaycan arasında strateji əlaqələr fonunda praktik bir yol nümunəsinə çevrilmiş, öz səmərəliliyini və həyati əhəmiyyətini nümayiş etdirmişdir.

Aktam Xaitov

Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası

Siyasi Şurası İcra Komitəsinin Sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
4
unikal.az

5Mənbələr