Ukraynanın çoxməqsədli UH-60A Black Hawk helikopterləri Polşa hava məkanında naməlum istiqamətə hərəkət edərkən qeydə alınıb.
Editor.az xəbər verir ki, bu barədə yerli aviasiya müşahidəçiləri məlumat verib, informasiyanı isə ixtisaslaşmış Defence24 nəşri təsdiqləyib.
Məlumata görə, Ukraynada bu tip helikopterlərin yeganə operatoru Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsidir. Gövdənin xarakterik rənglənməsi də helikopterlərin məhz GUR-a məxsus olduğunu göstərir.
Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının nümayəndəsi bildirib ki, uçuş Polşa tərəfi ilə razılaşdırılıb. Lakin tapşırığın məqsədi və xarakteri açıqlanmır. Eyni zamanda, helikopterlərin son təyinat məntəqəsi və tapşırıq icrasından sonra geri qayıdıb-qayıtmadığı da məlum deyil.
//Samir Qurbanov, Editor.az