AZ

Sinxua dövlət agentliyi: Biləsuvar GES Çin-Azərbaycan əməkdaşlığının daha bir nümunəsidir  

Çinin Sinxua dövlət informasiya agentliyi Biləsuvar GES-dən xüsusi reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, “Çin Biləsuvar GES vasitəsilə Azərbaycanın “yaşıl ölkə”yə çevrilməsinə kömək edir” adlı reportajda qeyd olunur ki, bu obyektin tikintisində çinli mütəxəssislər azərbaycanlı həmkarları ilə birlikdə çalışırlar.

Reportajda deyilir: “GES layihəsi Azərbaycanın Biləsuvar rayonunda həyata keçirilir və quraşdırılmış gücünə görə ölkədə ən böyük elektrik stansiyası olacaq. Onun sahəsi təxminən 1454 hektar təşkil edəcək ki, bu da 2036-dan çox standart futbol meydançasına bərabərdir. Bu layihənin əsas podratçısı Çin Enerji Mühəndisliyi Korporasiyasının (CEEC) bir hissəsi olan “China Power Engineering Consulting Group”un (CPECC) Şimal-Qərb Elektrik Enerjisi Layihəsi İnstitutudur (NWPDI)”.

Agentlik qeyd edir ki, azərbaycanlı mütəxəssis Azər Hacıyev svay quraşdırma sahəsinin rəis müavini vəzifəsini tutur. O, əvvəllər Çinin cənubundakı Quançjou şəhərində dörd il ərzində Çin dilini öyrənib. Azər Hacıyev bildirir ki, çinli həmkarlarından mümkün qədər çox yeni texnologiya və təcrübə mənimsəmək istəyir.

Sinxua məlumat verir ki, bu il avqustun 12-də ilk svay uğurla quraşdırılıb və bu, layihənin tikintinin əsas mərhələsinə rəsmi keçiddir. NWPDI-nin Beynəlxalq şöbəsinin baş direktoru və layihə meneceri Fan Taonun sözlərinə görə, işlərin 2026-cı ilin ikinci yarısında başa çatdırılması planlaşdırılır.

Çinili menecer Fan Tao reportajda deyib: “Azərbaycan neft və qaz ehtiyatları ilə zəngindir və aparıcı enerji ixracatçılarından biridir. İstixana qazlarının emissiyasını azaltmaq və enerji sektorunu şaxələndirmək üçün ölkə 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı planlaşdırır. İstifadəyə verildikdən sonra Biləsuvar GES ildə orta hesabla 890 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək ki, bu da bu regionda 200 minə yaxın ev təsərrüfatının tələbatını ödəyəcək və karbon qazı emissiyasını ildə təxminən 670 min ton azaldacaq”.

Layihənin icraçı direktoru Du Nin Sinxua agentliyinə bildirib ki, payavurma işləri üçün avadanlıq “Sian/Çin/-- Aktau/Qazaxıstan/-- Bakı/Azərbaycan/” multimodal marşrutu ilə çatdırılıb ki, bu da daşıma müddətini təxminən 21 günə qədər azaldıb.

Reportajın sonunda deyilir: “"Çin-Avropa dəmir yolu yük daşımalarının logistika üstünlükləri və fotovoltaik sənayedə inkişaf etmiş Çin tədarük zənciri sayəsində Çin müəssisələri Azərbaycan bazarında açıq rəqabət üstünlüyü nümayiş etdirirlər.

Son illər Çin və Azərbaycan bərpaolunan enerji sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ildə tikintisində Çin şirkətinin iştirak etdiyi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışını “böyük nailiyyət” adlandırıb.

Seçilən
10
2
azerbaijan-news.az

3Mənbələr