AZ

BMT, Qəzzada daimi atəşkəs çağırışı edib

BMT,
BMT Baş katibi Antonio Quterreş İsrailin Qəzzada yerləşən Nasir Xəstəxanasına hücumu nəticəsində mülki şəxslərin, tibb işçilərinin və jurnalistlərin həlak olmasını sərt şəkildə pisləyib, dərhal və daimi atəşkəs çağırışı edib. 1news.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat brifinqində bildirib.
“Baş katib, İsrailin Qəzzadakı Nasir Xəstəxanasına hücumlarını şiddətlə qınayır. Həlak olanlar arasında mülki şəxslərlə yanaşı tibb işçiləri və jurnalistlər də var”, – o deyib. Düjarrik qeyd edib ki, Baş katib xüsusilə həyatını itirən jurnalistlərin ailələrinə və həmkarlarına dərin hüznlə başsağlığı verir:
“Bu dəhşətli ölümlər, tibb işçiləri və jurnalistlərin amansız münaqişə şəraitində həyati vəzifələrini yerinə yetirərkən üzləşdikləri böyük riskləri açıq şəkildə nümayiş etdirir”. Onun sözlərinə görə, Quterreş bir daha vurğulayıb ki, mülki şəxslər, tibb işçiləri və jurnalistlər hər zaman hörmətlə qarşılanmalı və qorunmalıdır:
“Baş katib bu ölümlərin dərhal və qərəzsiz şəkildə araşdırılmasına çağırır. O, tibb işçiləri və jurnalistlərin beynəlxalq humanitar hüquqa uyğun olaraq, təhdid və ya müdaxilə olmadan öz əsas vəzifələrini icra etməli olduqlarını xatırladır”.

Düjarrik əlavə edib ki, Baş katib həmçinin Qəzzada təcili və daimi atəşkəsin elan edilməsini, bölgəyə məhdudiyyətsiz humanitar yardımın çatdırılmasını və saxlanılan bütün girovların dərhal, şərtsiz azad olunmasını tələb edir.

Seçilən
15
1news.az

1Mənbələr