AZ

Oğurluq edən şəxslərin görüntülərini də polisə təqdim etdi, amma...

Paytaxt sakini Ələddin Əliyevdən nazir Vilayət Eyvazova növbəti müraciət

“Müstəntiq etiraf etdi ki, bu işlə məşğul olmağa vaxtı olmadı”

“Hürriyyət”in ötən saylarının birində Bakı şəhər sakini Əliyev Ələddin Hüseyn oğlu tərəfindən redaksiyamıza daxil olan şikayət məktubunu dərc etmişdik. Yenidən qəzetimizə müraciət edən şikayətçi bildirir ki, müraciəti dərc olunduqdan sonra onu hüquq-mühafizə orqanlarına dəvət edərək, ətraflı şəkildə şikayəti ilə maraqlanıblar:

“Hörmətli redaksiya!

2024-cü ildə Nəsimi Rayon Polis İdarəsinə məndən külli miqdarda oğurluq edən Laçın adlı şəxs və gəlini Rəşidə barəsində şikayət etmişdim. Oğurluğun sübutu üçün əlimdə kifayət qədər kamera görüntüləri var. Həmin görüntüləri də Nəsimi rayon İstintaq İdarəsinin rəisinə göstərdim və diskləri Rauf adlı müstəntiqə təhvil verdim.

Görüntüləri görən rəis və müstəntiq barəsində şikayətçi olduğum Laçını həbs edəcəklərini söylədilər. Amma Rauf dəfələrlə məni aldadaraq işi yubatdı. Sonra mənə məlum olmayan səbəbdən işə xitam verdi. Özü də etiraf etdi ki, bu işlə məşğul olmağa vaxtı olmadı. Mənə məsləhət gördü ki, prokurorluğa müracit edim.

Lakin prokurorluqdan da qənaətbəxş cavab ala bilmədim. Belə ki, Nəsimi rayon prokurorun köməkçisi də vaxtının olmadığını və məni qəbul edə bilməyəcəyini söylədi.

Daxili İşlər naziri Vilayət Eyvazova müraciətdən dərhal sonra məni Polis bölməsinə çağırdılar. Həmçinn, Bakı Şəhər Baş Polis İdarəsinə də dəvət olundum. General Vüqar Ələkbərovun qəbulunda oldum. O, mənə köməklik göstərəcəklərini bildirdi. Buradan general Vüqar Ələkbərova öz dərin təşəkkürümü bildirirəm.

Qeyd edim ki, hazırda Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb. 3 aydır araşdırma gedir. Amma işin ləng getməsi məni narahat edir. Mən, sizin sayt vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova yenidən müraciət edirəm.

Cənab nazir, xahiş edirəm bu məsələni diqqətdə saxlayın, günahkar şəxslər cəzasız qalmasın və məndən oğurlanan mallar geri qaytarılsın”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
19
1
hurriyyet.az

2Mənbələr