AZ

2025-ci ilin ilk 7 ayında Azərbaycanda meyvə bağlarına 43,7 milyon manat subsidiya ayrılıb və ixrac 313 milyon dollar olub

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarının salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib.

Finss.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda bağçılığa dövlət dəstəyinin artırılması, müasir standartlara uyğun intensiv bağların salınmasının subsidiyalaşdırılması rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsal və ixracının artmasına müsbət təsir edir.

Ötən illər ərzində yürüdülən meyvə bağlarının subsidiyalaşdırılması siyasəti bütün istiqamətlər üzrə özünü doğruldub. Ölkədə müasir intensiv bağların sahəsi genişlənib, müasir suvarma sistemlərinin tətbiqinə maraq artıb, su və torpaq resurslarından səmərəli istifadə səviyyəsi yüksəlib, xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım qeydə alınıb.

İntensiv bağçılığın dövlət tərəfindən subsidiyalaşdırılması ilə ölkəmizdən xarici bazarlara meyvə ixracının artması arasında bağlılıq mövcuddur. 2020-2024-cü illərdə Aqrar Subsidiya Şurası tərəfindən meyvə bağlarının salınmasına ümumilikdə 171,3 milyon manat əkin subsidiyası ayrılıb. Qeyd olunan dövrdə ölkəmizdən xarici bazarlara təxminən 2,22 milyard manat dəyərində meyvə ixrac olunub. 2020-2024-cü illərdə meyvə ixracının dəyəri bu sahənin dəstəklənməsi üçün ayrılan subsidiyaların həcmindən 13 dəfə çoxdur.

Müasir intensiv meyvə bağları 2-ci ildən bara düşməyə başlayır, 3-4-cü illərdə artıq həmin bağlardan ciddi miqdarda məhsul yığılaraq daxili və xarici bazarlarda realizə edilir.

Bu fikri 2020-2024-cü illər üzrə subsidiya və meyvə ixracatı rəqəmlərinin iki illik periodlarda təhlili təsdiqləyir. Məsələn:

  • 2020-cu ildə intensiv meyvə bağlarının salınmasına dövlət tərəfindən 30 milyon manata yaxın subsidiya ayrılıb, iki il sonra 2022-ci ildə ölkəmizdən meyvə ixracının həcmində əvvəlki illə müqayisədə 38,7 milyon manat artım qeydə alınıb.
  • 2021-ci ildə intensiv bağlara 33,8 milyon manat subsidiya verilib, 2023-cü ildə meyvə ixracında 65 milyon manata yaxın artım qeydə alınıb.

Cədvəldən də göründüyü kimi, son beş il ərzində intensiv meyvəçiliyin inkişafına ayrılan subsidiyaların miqdarı 28%, meyvə ixracı isə 41% artıb.

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarının salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib. Bu ilin yanvar-iyul ayları ərzində xarici bazarlara təxminən 313 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu dövrdə meyvə ixracının dəyəri 7 ay ərzində bu sahənin subsidiyalaşdırılmasına ayrılan məbləğdən 7,2 dəfə çoxdur.

Aqrar Subsidiya Şurasının 2024-cü il avqust qərarına əsasən:

  • Fındıq bağlarının hər hektarına 4400 manat
  • Qoz bağlarının hər hektarına 3300 manat
  • Nar bağlarının hər hektarına 3000 manat
  • Limon və kinkan bağlarının hər hektarına 11600 manat
  • Naringi və portağal bağlarının hər hektarına 9600 manat
  • Şaftalı və ərik bağlarının hər hektarına 4000 manat
  • Alma bağlarının hər hektarına 11000 manat
  • Armud bağlarının hər hektarına 8000 manat
  • Gilas bağlarının hər hektarına 10000 manat birdəfəlik əkin subsidiyası verilir.

Bundan başqa növbəti 4 il ərzində bu bağların hər hektarına görə fermerlərə hər il 800 manat əkin subsidiyası verilir.

Qeyd olunan meyvələr üzrə intensiv bağların salınmasının artıq bir neçə ildir dövlət tərəfindən subsidiyalar ayrılması şəklində dəstəklənməsi həm xarici bazarlarda rəqabətədavamlı meyvə istehsalının artmasını, həm də ixracın həcm və dəyər olaraq yüksəlməsini təmin edir.

Fuad Mədətov
Finss.az

Seçilən
200
4
fins.az

10Mənbələr