BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
İsrailin Qəzza zolağının cənubundakı xəstəxanaya endirdiyi zərbələr nəticəsində 5-i jurnalist olmaqla azı 20 nəfərin ölüb. Onların aralarında tibb işçiləri də var.
İsrail zərbələri "faciəli hadisə" adlandırıb.
Məlumatlara görə, xəstəxanaya ilk zərbə zamanı azı bir nəfər ölüb. Hadisə yerinə jurnalistlər və xilasedicilər gələndən az sonra xəstəxanaya ikinci zərbə endirilib.
İsrailin baş naziri Benyamin Netanyahu hücumu "dərin təəssüfləndiyi" "faciəli hadisə" adlandırıb və ordunun "hərtərəfli araşdırma apardığını" deyib.
Hücum necə baş verdi?
Nasser Xəstəxanasının tibb işçiləri bildiriblər ki, ilk zərbə yerli vaxtla səhər saat 10 radələrində baş verib.
BBC müxbirlərinə xəstəxanada işləyən və o vaxt reanimasiyada olan xəstələrə yardım göstərən britaniyalı tibb işçisi deyib ki, "kütləvi panika... xaos" başlayıb.
Onun sözlərinə görə, təxminən 10 dəqiqə sonra tibb işçiləri binanı təxliyə etməyi planlaşdırarkən həmin yerdə növbəti partlayış baş verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, zərbələr xəstəxananın təcili yartdım, stasionar və cərrahiyyə şöbələrinə ziyan vurub.
BBC Verify iddiaları təsdiqləyən video görüntülərə baxıb.
Al Ghad TV-dən canlı yayımda bir neçə təcili yardım xidmətinin Nasser xəstəxanasının üst mərtəbəsi yaxınlığında ilk zərbədən sonra hadisə yerinə getdiyi, bir neçə jurnalistin fonda çəkiliş apardığı göstərilir.
Kadrlarda jurnalistlərin tez-tez xəbər verdiyi pilləkən görünür.
İkinci zərbə birbaşa təcili yardım xidmətlərinə və müxbirlərə dəyib, havaya tüstü qalxıb və dağıntı baş verib. Videoda ən azı bir cəsədi görmək olar.
Eyni pilləkəndən çəkilmiş ayrı videoda pilləkəndə uzanmış cəsədlər və hadisə yerinə gələn tibb işçiləri görünür.
Nasser xəstəxanasının əsas girişindən kənarda çəkilmiş başqa bir videoda həkimin jurnalistlərə ilk zərbədən sonra qanlı paltarını göstərdiyi görünür.
Bu zaman partlayış səsi eşidilir: insanlar təşviş içində gizlənməyə qaçır, şüşə sındırılır. Yaralılardan biri təhlükəsiz yerə sürünməyə çalışır.
Britaniyalı həkim BBC-yə "döşəmənin hər yerində qan ləkələri" və "tam xaos və qorxu şəkli" dedi.
Həlak olanlar haqqında nə məlumdur?
Jurnalistlər Associated Press, Reuters, Al Jazeera və Middle East Eye də daxil olmaqla beynəlxalq agentliklərlə çalışıblar.
İsrail ordusu bölgəyə zərbə endirdiyini təsdiqləyib, amma bildirib ki, jurnalistləri hədəf almayıblar.
Bu, Qəzza şəhərində əl-Şifa xəstəxanası yaxınlığında İsrailin hücumunda altı jurnalistin öldürülməsindən iki həftə sonraya təsadüf edir.
İsrail BBC də daxil olmaqla, beynəlxalq media təşkilatlarının Qəzzadan sərbəst şəkildə xəbər hazırlamasına icazə vermir.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) 22 aylıq müharibədə 190-dan çox jurnalistin öldürülüb.
İsrail nə deyir?
İsrail Müdafiə Qüvvələri əvvəlcə Qəzza zolağının cənubundakı Nasser xəstəxanası yaxınlığına zərbə endirdiyini təsdiqləyib.
İsrail hökuməti gün ərzində içərisində az informasiya olsa da, çoxlu bəyanat verdi, lakin görünür, bu daha çox ictimaiyyətin qəzəbini yatırtmağa hesablanmış bəyanatlar idi.
Bazar ertəsi axşam Baş nazir Benyamin Netanyahunun ofisi İsrailin "Qəzzada Nasser xəstəxanasında baş verən faciəvi hadisədən dərin təəssüfləndiyini" bildirib. Bəyanatda deyilir ki, İsrail "jurnalistlərin, tibb işçilərinin və bütün mülki şəxslərin əməyini qiymətləndirir" və hərbçilər "hərtərəfli araşdırma aparır".
Bununla belə, BBC-nin müxbirləri qeyd edirlər ki, bəyanatda hücumun açıq şəkildə ikiqat zərbə olduğunu göstərən çox az şey var.
Həlak olanların çoxu həyatını təxminən 10 dəqiqə sonra eyni yerə endirilən ikinci zərbə nəticəsində itirib, bu isə hücumun açıq-aşkar məqsədyönlü olduğunu deməyə əsas verir.
İkiqat zərbə itkiləri artırmaq üçün hədəfə ardıcıl iki dəfə hücum edildiyi mübahisəli hərbi taktikadır.
İsrail və İşğal olunmuş Fələstin Ərazilərindəki Xarici Mətbuat Assosiasiyası da daxil olmaqla media bəyanatlarında İsrail hərbçiləri müharibə boyu jurnalistləri sistematik və qəsdən hədəfə almaqda günahlandırılır.
İsrailin başladığı daxili araşdırmanın nəticələrini ictimaiyyətə açıqlayıb-açmayacağı və ya nə vaxt açıqlanacağı bəlli deyil.
Dünya necə reaksiya verdi?
BMT-nin Baş katibi Antonio Guterres Nasser Xəstəxanasında baş verən "dəhşətli qətlləri" qətiyyətlə pisləyərək deyib ki, "tibb işçiləri və jurnalistlər bu qəddar münaqişədə həyati vacib işlərini yerinə yetirərkən fövqəladə risklərlə üzləşirlər".
Böyük Britaniyanın xarici işlər naziri Qəzzanın cənubundakı xəstəxanaya edilən ölümcül zərbədən "dəhşətə düşdüyünü" deyib.
X-də xəbərlərə reaksiya verən David Lammy yazıb: "Mülkilər, tibb işçiləri və jurnalistlər qorunmalıdır. Bizə təcili atəşkəs lazımdır".
Fransa prezidenti Emmanuel Makron zərbələri "qəbuledilməz" adlandırıb və mülki vətəndaşları və jurnalistləri müdafiə etməyə çağırıb.
Almaniya Xarici İşlər Nazirliyi "şok" olduğunu bildirib.
Bu arada ABŞ Prezidenti Donald Tramp zərbələrdən xəbərsiz olduğunu, lakin reaksiyasını soruşduqda "xoşbəxt olmadığını" söylədi.
Media azadlığı qrupları da baş verənləri pisləyib.
Sərhədsiz Reportyorların rəhbəri Thibault Brutten "Bu nə vaxt və harada bitəcək? Beynəlxalq hüquq var" deyib.
"Münaqişələri işıqlandıran jurnalistlər üçün təminatlar olmalıdır, lakin onların heç biri tətbiq olunmur", - o bildirib.
Xarici Mətbuat Assosiasiyası bildirib ki, son qətllər "dönüş nöqtəsi" olmalıdır. O, İsraili "jurnalistləri hədəfə almaq kimi mənfur praktikasını dayandırmağa" çağırıb və əlavə edib ki, "həddən artıq çox sayda jurnalist İsrail tərəfindən tamamilə əsassız şəkildə öldürülüb".