AZ

Şagirdlərin kabusu geri QAYIDIR - Məktəb ərazilərində təhlükənin qarşısı alınacaqmı?

Yeni dərs ilində şagirdlər məktəbə hazırlaşarkən valideynlərin əsas qayğılarından biri də məktəblərin ətrafında toplaşan sahibsiz itlərdir. Uşaqlar həm qorxur, həm də təhlükə riski yaranır. Dəstə ilə gəzən sahibsiz heyvanların dəfələrlə uşaqlara hücum çəkdiyinin şahidi olmuşuq. Amma bu problem Bakı qəsəbələrinin həlli tapılmayan bəlalarından biridir. Uşaqların təhlükəsizliyi üçün məktəb qarşısında sahibsiz itlərin qarşısının alınması təcili tədbirlər tələb edir.

Hazırda sahibsiz itlərlə məşğul olacaq konkret bir qurum yaradılıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Amma hələ ki, qururmun fəaliyyəti özünü göstərmir. Bundan qabaq isə “Toplan” sahibsiz heyvanlara qayğı mərkəzi itləri toplayıb sığınacaqlara yerləşdirirdi. Amma belə itlərin hədsiz çoxluğundan, tək bir sığınacaq yetmirdi. Üstəlik qurum artıq fəaliyyətini məhdudlaşdırıb.
 

Onsuz da belə mərkəzlərdə itlərə quduzluğa qarşı peyvənd vurulur, lazım gəldikdə qısırlaşdırılır, sonra heyvanın təhlükəsiz olduğunu göstərmək üçün qulağına xüsusi birkalar taxılır. “Sırğalı” itlər təbiətə təkrar buraxılır. Çarəsiz vətəndaşlar, yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə, komunal xidmət sahələrinə üz tuturlar, amma hamısı da bir-birinin üstünə atır.  


Azərbaycandan başqa dünyanın sivil ölkələrində sahibsiz heyvanlar üçün təkcə dövlət səviyyəsində mübarizə aparılmır, həm də iş adamları, çox vaxt ərazi sakinləri yığışıb sığınacaq tikir, onları bu yolla təhlükəsizləşdirir və ya sahib çıxırlar. İstanbulda bu günlərdə tədris ilinin ilk günlərindəki sıxlığı nəzərə alıb belə heyvanları ərazidən uzaqlaşdıracaqlar.

Yenə də ümid qalır, könüllü heyvansevərlərə. Heyvan hüquqlarının müdafiəçisi Nofəl İsayev məsələylə bağlı Bizim.Media-ya bildirib ki, sahibsiz heyvanlarla rəftarda dünyada humanist praktika var:

 “Heyvanlar konkret bir qurum tərəfindən toplanır, quduzluğa, digər infeksion xəstəliklərə qarşı peyvənd edilir və könüllü surətdə onların sahiblənilməsi üçün sosial müraciət olunur. Bizdə isə sahibsiz itlərlə mübarizəni heç vaxt düzgün aparmırlar. Sahibsiz  heyvanları zəhərləyir, güllələyirlər”.

Sosial fəal bildirir ki, ən azından məktəbkənarı yerlərin təhlükəsizliyinin təmin olunması üçün ərazilər uşaqların yarımçıq qoyduğu qida artıqlarından təmizlənməli, ərazinin hasarlanması təmin edilməlidir.

Şəfiqə Şəfa, Bizim.Media

 

Seçilən
22
1
bizim.media

2Mənbələr