AZ

30 min vətəndaş “Milli Proqram” çərçivəsində təlimlərdən yararlanıb

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. “Milli Proqram”a qeydiyyat davam edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qeydiyyat davam edir.

Aprel ayından başlayan “Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş “Coursera” onlayn təhsil platformasında 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb. Vətəndaşlar 50 min təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər.

İstifadəçilər daha çox süni intellekt və data elmi sahəsi üzrə təlimlərə müraciət ediblər. Eyni zamanda, layihələrin idarə olunması, yumşaq bacarıqlar, kibertəhlükəsizlik, biznes, məntiq və riyaziyyat sahələri üzrə təlimlərə də müraciətlərin sayı artıb.

Proqram çərçivəsində spesifik sahələr üzrə kursları bitirən 760 nəfərə “Rəqəmsal nişan” (Digital badge) verilib. Bu nişan “Coursera” platformasında tövsiyə edilən 38 istiqamət üzrə ən azı 3 və ya 4 kursu bitirmiş şəxslərə təqdim edilir.

Ən çox “Rəqəmsal nişan” əldə olunmuş istiqamətlər:

1.    Biznes və sahibkarlıq: Süni intellekt, strategiya və sahibkarlıq - 77 nişan

2.    Rəqəmsal transformasiya: Dəyiş, innovasiya et, idarə et – 61 nişan

3.    Layihələrin idarəolunması: Strategiya və icra – 54 nişan

4.    Kibertəhlükəsizlik – kibermüdafiə: Hücumlardan öndə ol – 47 nişan

5.    Rəqəmsal marketinq: Strategiya və süni intellekt : 47 nişan

“Milli Proqram” çərçivəsində 4SİM-in təşkilatçılığı ilə yerli ali təhsil müəssisələri və şirkətlər avqust ayından etibarən “Coursera” platformasında öz təlim və kurslarını yerləşdirməyə başlayıblar. Sumqayıt Dövlət Universiteti və “Safavy” onlayn təhsil platforması “Course Builder” aləti vasitəsilə artıq 20-dən çox təlimi “Coursera” platformasına inteqrasiya ediblər. Azərbaycan dilində təqdim edilən bu proqramlar yerli istifadəçilər tərəfindən maraqla qarşılanıb və artıq mindən çox istifadəçi bu təlimlərdən faydalanıb.

“Coursera” platformasında Oksford, Stənford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12 mindən çox sahəvi kurs və təlimi “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

Qeyd edək ki, “Milli Proqram” çərçivəsində “Coursera” platformasında 15 ən çox tələb olunan  təlim Azərbaycan dilinə dublyaj olunub, 2500 kurs isə Azərbaycan dilində altyazı ilə təqdim olunur. (Kursların siyahısı - https://bit.ly/4ogG5Mw).

“Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az/ saytında qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

Proqram SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın pilot mərhələsində 10 min nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalib olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
9
xalqqazeti.az

10Mənbələr