AZ

Reuters: “Tramp Aİ məmurlarını hədəfə ala bilər”

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məsələ bu reqlamentin tətbiqinə və icrasına bilavasitə cavabdeh olan Avropa rəsmilərinə təsir edə biləcək potensial məhdudiyyətlərə aiddir.

Mənbələrin sözlərinə görə, sanksiyaların ən çox ehtimal edilən forması viza qadağaları olacaq. Lakin məlumat sızıntısının dərc edildiyi vaxt ABŞ Dövlət departamenti hələ ki, yekun qərar verməyib.

- Belə bir tədbirin tətbiqinin mümkünlüyü presedent kimi görünür. Çünki əvvəllər ABŞ ənənəvi olaraq beynəlxalq hüququn pozulması, insan hüquqları, hərbi hərəkətlər və ya qlobal təhlükəsizliyə təhdid bəhanəsi ilə dövlətlərə və onların nümayəndələrinə qarşı sanksiyalardan istifadə edib”,- agentlik yazır.

Başqa yurisdiksiyada rəqəmsal xidmətlərin tənzimlənməsinə müdaxilə internet məkanına və rəqəmsal texnologiyalara nəzarət məsələlərində Vaşinqton və Brüssel arasında ziddiyyətlərin kəskinləşməsini əks etdirən keyfiyyətcə yeni addımdır.

Sanksiya müzakirələri ilə parallel olaraq, Tramp administrasiyası fəal şəkildə Avropada RXA-yaqarşı tənqid və müqavimət yaratmaq məqsədi daşıyan diplomatik kampaniyaya başlayıb.

“Artıq avqust ayında amerikalı diplomatlara avropalı tərəfdaşlarına RXA-nın Vaşinqtonun fikrincə söz azadlığına təhlükə yaratdığını və böyük rəqəmsal platformaların imkanlarını hədsiz dərəcədə məhdudlaşdırdığını izah etmək əmri verilib”,- mənbələr bildirirlər.

Bu arqument ənənəvi olaraq İnternet azadlığı və dövlətin özəl korporasiyaların fəaliyyətinə minimal müdaxiləsi konsepsiyasını təbliğ edən Amerika xarici siyasətinin daha geniş xəttinə uyğun gəlir.

RXA ətrafında qarşıdurma hələ 2024-cü ilin yayında, Co Baydenin prezidentliyi dövründə ABŞ Dövlət departamentinin Avropanı həddindən artıq senzurada ittiham etməsi, xüsusən yeni Avropa qaydalarının ifadə azadlığını məhdudlaşdırdığını və sosial media və onlayn platformalarda təzyiq aləti yaratdığını açıqladıqdan sonra güclənib.

Yeri gəlmişkən, məhz belə bəyanatlar bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransında bir sıra Avropa ölkələrinin demokratiya və söz azadlığı prinsiplərindən sistemli şəkildə geri çəkildiyini bildirən ABŞ-nin vitse-prezidenti Cey Di Vensin arqumentlərinin əsasını təşkil edib. Onun fikrincə, bu tendensiya təkcə Aİ dövlətlərinin daxili siyasi sabitliyinə deyil, həm də ABŞ-Avropa strateji münasibətlərinə təhlükə yaradır.

Xatırladaq ki, 2023-cü ilin avqustunda qüvvəyə minən RXA Avropanın internet siyasətində həqiqətən də əsl dönüş məqamı oldu. O, əsas rəqəmsal platformaların üzərinə irqçilik və qeyri-qanuni malların yayılması ilə mübarizədən tutmuş uşaq pornoqrafiyasının dövriyyəsinin qarşısının alınmasına və dezinformasiyaya qarşı mübarizəyə qədər geniş öhdəliklər qoyur.

Əsas müddəalardan biri platformaların tövsiyə alqoritmlərini açıqlaması, məzmunun çatdırılması prinsiplərini izah etməsi və istifadəçilərə xidmətlərdən istifadə üçün alternativ variantların təqdim olunması tələbidir.

Əslində, RXA şirkətləri mümkün qədər şəffaf olmaları və platformalarında yerləşdirilən məzmuna görə məsuliyyət daşımaları tələb edilən bir vəziyyətə gətirir.

Artıq ən böyük bazar oyunçularına rəsmi şikayətlər göndərən Avropa Komissiyası (Aİ) qanun pozuntularının aradan qaldırılmasını tələb edərək qanunun müddəalarını fəal şəkildə tətbiq olunmasına başlayıb. Əks halda, şirkətlər Aİ-də fəaliyyətlərinə görə cərimələr və ya hətta məhdudiyyətlərlə üzləşirlər. Bu, Avropanın əsas bazar olduğu Amerika texnologiya nəhəngləri üçün xüsusilə həssas məqamdır.

Analitiklərin fikrincə, RXA-ya cavab olaraq Avropa rəsmilərinə qarşı sanksiyaların tətbiqi ABŞ-nin İT korporasiyalarının maraqlarını qorumağa yönəlmiş iqtisadi və siyasi təzyiqinin bir hissəsi kimi qiymətləndirilə bilər.Mahiyyət etibarı ilə, Vaşinqton Brüsselə rəqəmsal platformalarda həddindən artıq sərt qaydaların təkcə iqtisadi deyil, həm də diplomatik nəticələrinin olacağına eyham vurur.

Digər tərəfdən, RXA-ya Avropa vətəndaşlarını zərərli məzmundan, ədalətsiz təcrübələrdən və gizli alqoritmik manipulyasiyadan qorumaq üçün bir vasitə kimi baxan Aİ prinsipial mövqe tutur. Brüssel üçün internetin tənzimlənməsi təkcə daxili siyasət məsələsi deyil, həm də rəqəmsal suverenliyin gücləndirilməsi elementidir ki, bu da əsasən Amerika mənşəli transmilli korporasiyalardan asılılığı azaldır.

- “Reuters” agentliyinin məlumat verdiyi sanksiyalar həqiqətən tətbiq olunarsa, bu, transatlantik münasibətlərdə yeni gərginlik mərhələsinə gətirib çıxara, rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik və qlobal platformaların tənzimlənməsi sahəsində əməkdaşlığı təhdid edə bilər”, - eskpertlər vurğulayırlar.

Eyni zamanda, bu addım Avropanı öz qaydalarını daha da ciddi şəkildə qorumağa və alternativ texnoloji ekosistemlərin inkişafını sürətləndirməyə sövq edə bilər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
6
2
azvision.az

3Mənbələr