AZ

Cənubi Qafqazda yeni güc arxitekturkası formalaşır

Azərbaycanın NATO üzvu olan qardaş Türkiyə ilə strateji müttəfiqliyi ölkəmizə əlavə şans qazandırır...

8 avqust 2025‑ci il tarixində Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sülh bəyanatı regionun geosiyasi xəritəsində kəskin dönüş yaratdı. ABŞ prezidentinin vasitəçiliyi ilə reallaşan bu addım təkcə iki qonşu arasında düşmənçiliyə son qoymaq deyil, həm də Cənubi Qafqazın güc balansını  yenidən qurmaq potensialını ortaya qoydu.

Bu reallıq Kremldə Moskvanın Cənubi Qafqaza nəzarətinin  itirilməsi təəssüratı yaradıb. Məhz bu səbəbdən son günlər  Rusiya mediasında anti‑Azərbaycan isteriyası güclənib.

Azərbaycanla Ermənistan arasında Vaşinqtonda imzalanan "Sülh çərçivəsi" Sazişinin ən mühüm bəndlərindən biri – “Trump Route for International Peace and Prosperity (TRIPP)” adlandırılan Zəngəzur  marşrutu Naxçıvanla Azərbaycanın Qərb hissəsini birləşdirəcək. Razılaşmaya görə, bu yolun uzunmüddətli inkişaf (idarəetmə) hüquqları ABŞ tərəfinə verilir.

İran rəhbərliyinin İrəvana səfəri və “ABŞ‑ın sərhəddə varlığına” etirazları göstərir ki, TRIPP - Zəngəzur yolu Cənubi Qafqazın təkcə ticarət xəritəsini deyil, eyni zamanda onun  təhlükəsizlik arxitekturasını da dəyişir.

Sazişdən dərhal sonra Rusiyanın Ukraynanın cənubunda SOCAR‑a məxsus neft bazasına təkrar zərbələri, həmçinin enerji və liman infrastrukturunu hədəfə alması Kremlin hərbi mesaj diplomatiyasının klassik nümunəsidir. Odessa vilayətində SOCAR-a aid neft anbarlarının bombalanması və böyük yanğınlar real qeydlərlə təsdiqlənib. Bu təcəvüz aktı ilə paralel olaraq, BTC marşrutu ilə Avropaya göndərilən xam neftə “xlor" qatılması şübhəsi Rusiyanın hibrid əməliyyatlarının aləti kimi qiymətləndirilir. Məqsəd BTC kəməri ilə Avropaya ötürülən neftin keyfiyyətinə olan etimadı sarsıtmaqdır.

Digər tərəfdən, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun üzləri hələ də sıxışdırılır, rəsmi Bakıya qarşı  informasiya cəbhəsi genişləndirilir. Rusiyada yaşayan etnik azərbaycanlılara qarşı reydlər və zorakılıq aktları, eyni vaxtda Bakıda rus dövlət mediasının yerli strukturlarına dair istintaqlar iki paytaxt arasında gərginliyin sistemli xarakter aldığını göstərir.

Əlbəttə, Kremlin təbliğatı Azərbaycan cəmiyyətində ciddi rezonans doğurmayıb. Əksinə, rəsmi Bakı da informasiya təhlükəsizliyi rejimini sərtləşdirdiyini nümayiş etdirir. Rusiyanın Azərbaycana qarşı başlatdığı "hibrid" müharibəsinin güclənməsi fonunda NATO Baş katibi Mark Rutte 19 avqust 2025‑də açıqladı ki, 2026‑cı ilin 7–8 iyulunda NATO-nun  Zirvə Toplantısı  Ankaradakı Beştəpə kompleksində keçiriləcək. Bu qərar Türkiyənin Alyansdakı çəkisini və cənub‑şərq cinahının strateji əhəmiyyətini bir daha təsdiq edir.

Azərbaycanın NATO üzvu olan qardaş Türkiyə ilə strateji müttəfiqliyi ölkəmizə əlavə şans qazandırır. Azərbaycanın  təhlükəsizlik, müdafiə sənayesi, rabitə‑enerji xətləri və NATO ölkələrinin himayəsinə keçən TRİPP - Zəngəzur yolu ilə daha sıx inteqrasiyası gündəliyə gəlir.

Bakı Moskva ilə qarşıdurma istəmir, lakin SOCAR‑a edilən zərbələr, diasporun hədəfə alnması və enerji tədarükünə müdaxilələr fonunda cavab addımlarının “simmetrik” ola biləcəyini açıq saxlayır. Bu, Ukrayna ilə texnoloji‑logistik əməkdaşlıqdan tutmuş, hava hücumundan müdafiə (HHM - PVO) şəbəkələrinin gücləndirilməsinə qədər müxtəlif ssenariləri əhatə edə bilər.

Vaşinqton-Bakı münasibətlərinin dərinləşməsi fonunda gələn siqnallar da bunu təsdiqləyir. Bunlarla yanaşı, İrəvan–Ankara münasibətlərinin normallaşması da artıq yalnız ikitərəfli məsələ deyil, həm də TRIPP - Zəngəzur marşurutu ilə bağlı olan Ağ Ev sazişi bu prosesi stimullaşdıran çərçivə rolunu oynayır.

Baş verən hadisələr Cənubi Qafqazda mövcud olan Rusiya hərbi infrastrukturunun, xüsusilə, Gümridəki 102‑ci hərbi bazasının  və sərhədçi kontingentinin gələcək taleyini şübhə altına salır. Bu barədə Ermənistan daxilində aparılan müzakirələr həm geosiyasi, həm də daxili siyasi riskləri qabardır.

Ortaya çıxan reallıqlar fonunda Rusiya hələ də Ukraynada  “uzanan aşınma prosesində" (bataqlıqda) ilişib qalmışdır. Resursların tükənməsi, sanksiyalar və texnoloji məhdudiyyətlər Kremlin Cənubi Qafqaza aktiv təsir imkanlarını daraldır. Moskvanın Bakıya qarşı tətbiq etdiyi güc mesajları və "hibrid müharibəsi" qısamüddətli sarsıdıcı təsir yaratsa da, strateji müstəvidə əks effekt doğurur:

- Region dövlətlərinin Qərb təhlükəsizlik şəbəkəsinə yaxınlaşmasını sürətləndirir ;

- Türkiyənin rolunu yüksəldir;

- Azərbaycanın nəqliyyat‑enerji statusunu möhkəmləndirir.

TRIPP - Zəngəzur marşrutu isə bu transformasiyanın əsas elementidir.

Qəvami SADIQBƏYLİ

Seçilən
6
2
hurriyyet.az

3Mənbələr