AZ

Mürəkkəb geosiyasi şəraitdə strateji əməkdaşlıq

Azərbaycan balanslı, amma prinsipial siyasəti ilə həm Qərb, həm də Rusiya ilə münasibətləri pozmadan, Ukraynanın ərazi bütövlüyünə dəstək göstərir...

Ukrayna prezidenti Volodimir Zelenskinin “Ukrayna Rusiyaya zərbələr endirmək üçün ABŞ-ın icazəsinə ehtiyac duymur” fikri Qərb–Ukrayna münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu bəyanatın arxasında iki məqamın dayandığı hiss olunur:

1. Qərbin dəstəyinə ehtiyacı olsa da, Kiyev istəyir ki,  özünü “kimlərdənsə asılı dövlət” kimi göstərməsin;

2. Ukrayna öz əhalisi və beynəlxalq auditoriya qarşısında “suveren qərar qəbul edə bilən dövlət imicini" qorumağa çalışır.

Bununla yanaşı, Qərbin, xüsusən ABŞ-ın Ukraynaya verdiyi silahların Rusiyaya qarşı necə və harada istifadə olunacağı məsələsi hələ də açıq qalır. Zelenskinin “biz artıq bu barədə danışmırıq” deməsi, əslində, ABŞ tərəfindən müəyyən məhdudiyyətlərin mövcudluğunu dolayı yolla təsdiq edir.

Rusiya isə 2020-ci ildə Ukraynaya hücum etməklə özünü "siyasi bataqlığa"salıb. İndi Rusiya "TSUTSVANQ" (məcburi gediş) vəziyyətinə düşüb. Rusiya elə bir duruma gəlib ki, Kreml hansı addımı atsa ölkə üçün zərərli olacaq; geri çəkilsə, imicini, təsir dairəsini itirəcək, irəli getsə itkilərini daha da artcaq. Yəni hər iki halda vəziyyəti pisləşəcək.

Rusiya müharibəni dayandırsa, zəif görünəcək və geosiyasi itkilər yaşayacaq. Müharibəni davam etdirsə, iqtisadi cəhətdən tükənəcək, beynəlxalq təcrid güclənəcək. Hazırda Moskvanın əlində əlverişli çıxış yolu yoxdur, atacağı hər addım onun vəziyyətini daha da çətinləşdirəcək.

Ukraynada müharibənin davam etdiyi mürəkkəb mərhələdə  Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanı müstəqillik günü münasibətilə təbrik etməsi xüsusi  diplomatik mesajdır.

İlham Əliyev təbrikində bildirib: "Azərbaycan və Ukraynanın tarixidə dostluq və qarşılıqlı hörmət ənənələri vardır... Hər iki ölkənin suverenlik və ərazi bütövlüyünü müdafiəsi bu dövlətlərin beynəlxalq hüqüqudur... Enerji, nəqliyyat, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlıq ölkələrimizin  süveren haqqıdır".

Volodimir Zelenskinin Azərbaycanla bağlı, “biz hər zaman bir-birimizi dəstəkləmişik və strateji əməkdaşlığı daha da gücləndirəcəyik” deməsi də onu göstərir ki, Bakı–Kiyev münasibətləri yalnız diplomatik jestlərdən ibarət deyil, real geosiyasi və iqtisadi maraqlara söykənir.

Ukrayna böhranı fonunda Azərbaycan və Türkiyə regionda sülh, sabitlik və beynəlxalq hüququn aliliyini dəstəkləyən mühüm aktorlar kimi çıxış edir. Türkiyə həm NATO üzvü olaraq, həm də Ukrayna ilə hərbi-texniki əməkdaşlıq sahəsində açıq dəstək nümayiş etdirir.

Azərbaycan isə balanslı, amma prinsipial siyasəti ilə həm Qərb, həm də Rusiya ilə münasibətləri pozmadan, Ukraynanın ərazi bütövlüyünə dəstək göstərir, bu ölkəyə humanitar yardımlar edir. Bu, Azərbaycanın diplomatiyasını fərqləndirən əsas prinsipial məqamdır.

Görünən odur ki, Ukrayna böhranı yalnız Moskva və Kiyev arasında deyil, həm Qərb, həm, Türkiyə, həm də Azərbaycan və   digər regional dövlətlərin maraqlarının toqquşma meydanına çevrilib.

İndiki mürəkkəb şəraitdə Azərbaycan–Ukrayna münasibətləri  qarşılıqlı dəstəyin nümunəsi kimi dəyərləndirilə bilər.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi, suverenlik və ərazi bütövlüyü prinsipinə sadiqliyi həm öz milli dövlət  maraqlarına, həm də qlobal sülh prosesinə xidmət edir. Azərbaycan diplomatiyasının balanslı siyasəti, Ukrayna ilə strateji tərəfdaşlığı göstərir ki, Bakı yaxın illərdə Cənubi Qafqaz və Qara dəniz regionunda mühüm rol oynamaqda davam edəcək...

Qəvami SADIQBƏYLİ

Seçilən
6
1
hurriyyet.az

2Mənbələr