ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Çində yaşlı valideynlərinə baxmayan şəxslər ciddi sosial və iqtisadi məhdudiyyətlərlə üzləşir: işə qəbul olunmur, banklardan kredit ala bilmir və hətta təqaüd də almırlar. Bu cəmiyyətin valideyn-məsuliyyəti prinsiplərini qorumaq üçün tətbiq etdiyi sərt qaydalardan biridir.
Maraqlıdır ki, bizim ölkədə də belə bir qaydanın tətbiqi mümkün olarmı və cəmiyyətimiz buna necə reaksiya verər?
Sosioloq Elçin Bayramlı Ölkə.az-a açıqlamasında bildirib ki, Çində bu qaydalar çoxdan var.
Onun sözlərinə görə, bu onların həm qədim, həm də zəngin mədəniyyətindən irəli gəlir: "Həm də dövlətin bu istiqamətdə mənəvi dəyərləri güclü saxlamaq istiqamətində gördüyü real tədbirlərdir. Çünki belə olmayan cəmiyyətlərdə biz necə biabırçı vəziyyətlərin yarandığını görürük. Məsələn, Qərb ölkələrində bütün yaşlı valideynlər hamısı qocalar evlərinə göndərilir. Heç kim ata-anasına baxmır. Ömür boyu əziyyət çəkib, saxlayıb böyüdən insana yaxın durmurlar. Bu, mənəvi deqradasiyanın son həddidir. İnsan cəmiyyətinin tamamilə zombiləşməsinin, eqoistləşməsinin yalnız öz maraqları üçün yaşamasının göstəricisidir. Bizdə də qədimdən bu mədəniyyət olub. Düzdür, hüquqi rəsmi şəkildə belə qaydalar olmasa da, ictimai qınaq olub. Valideynlərə baxmaq övladın borcudur. Bizdə nadir hallarda valideynlərini atanlara rast gəlinib. Ona görə də Azərbaycanda bir neçə qocalar evi mövcuddur və onların da sayı çox azdır, əsasən kimsəsi olmayan insanlar üçün nəzərdə tutulub".
Sosioloq qeyd edib ki, inkişaf etmiş hesab etdiyimiz ölkələrdə hər şəhərdə onlarla qocalar evi var və əhalinin 90 faizindən çoxu bəlkə də valideynləri ilə birgə yaşamır: "Orada hər nə qədər müəyyən şərait yaxşı olsa da, bu, mənəvi boşluğu doldurmur. Çünki insan təkcə maddi varlıq deyil, həm də ruhi varlıqdır, mənəvi, əxlaqi bazaya söykənən bir varlıqdır. Ona görə bu insanlar üçün hər hansı bir qocalar evində nə qədər şərait yaratsan da, həyatında mənəvi boşluq hiss edir. Bu, ciddi bir problemdir. Nəsillərarası əlaqənin, münasibətin qırılması deməkdir. Bir növ zombi cəmiyyətinin formalaşmasıdır. Bu baxımdan bizdə də bu proses hər nə qədər zəif olsa da, biz Qərbə inteqrasiya edirik. Bu inteqrasiyanın çox acı nəticələrini açıq şəkildə görürük. Son dövrlərdə öz dəyərlərimizi kənara atırıq.
Mən şəxsən tərəfdarıyam ki, Çində olan bu qaydalar bizdə də qəbul olunsun. İctimai qınağın güclü olması ilə paralel olaraq dövlət tərəfindən də bu barədə qeyd olunan məqamlar təsbit olunsun. Belə bir formada sağlam cəmiyyəti, ailə modelini, ənənəvi ailə dəyərlərimizi qoruyub saxlaya bilərik".
Həmidə ibrahimova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.