AZ

Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

"Universitetə qəbul ola bilməyənlər boş təsəllilərə aldanmamalıdır. Əslində, ölkəmizdə uğura aparan yeganə yol davamlı öyrənmək və inkişaf etməkdir. Qəbul olmamaq dünyanın sonu deyil, əsas məsələ öyrənməni dayandırmamaqdır. İstər usta, istər sənətkar, istərsə də başqa sahədə çalışan fərd olsun, daimi öyrənmək və tətbiq etmək hər kəsi seçdiyi istiqamətdə irəli aparır".

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas sosial media hesabındakı paylaşımda qeyd edib. Paylaşımda deyilir:

"Son günlər sosial mediada universitetə qəbul olan və qəbul olmayan gənclərlə bağlı müxtəlif fikirlər müzakirə olunur. Təəssüf ki, bu müzakirələrin bir qismi gəncləri yanlış istiqamətə yönləndirən, hətta zərərli məzmun daşıyan fikirlərdən ibarətdir.
Yüksək bal toplayaraq universitetə qəbul olan gənclərin motivasiyasını zəiflədən ifadələrə rast gəlinir: “Diplom boş şeydir”, “Bura Azərbaycandır”, “Onsuz da kassir işləyəcək”, “Əzbərçiliklə bal toplayıb” və s. Digər tərəfdən, qəbul olmayanlara reallıqdan uzaq, əsassız təsəllilər verilir: “Bill Qeyts də universiteti atmışdı”, “Tanışlığın olmasa, iş tapılmaz” və s. Bu yanaşmalar hər iki tərəf üçün zərərlidir.

Birincisi, ali məktəblərə qəbul üçün tətbiq olunan test sistemi Azərbaycan kimi ölkələr üçün ən uğurlu modellərdən biridir. Bu sistem ödənişsiz və tamamilə rəqabətə əsaslanır. Minlərlə gənc yalnız öz bilik və bacarıqları ilə bu imkandan yararlanaraq həyatını dəyişib. Bu mexanizmin qurulması və tətbiqi Azərbaycan gəncliyinin gələcəyinə mühüm töhfədir.

Universitet həyatında bəzən ədalətsizlik və digər çətinliklərə rast gəlinə bilər. Lakin bu, bütün ali məktəbləri eyni kateqoriyaya aid etmək demək deyil. Son illərdə daha şəffaf və müasir təhsil modeli təqdim edən universitetlərin sayı artıb. Universitet yalnız akademik bilik deyil, həm də sosial çevrə, dünyagörüşü, intizam və şəxsi inkişaf üçün geniş imkanlar yaradır. Əldə olunan təcrübə və qurulan əlaqələr gələcək karyera üçün mühüm rol oynayır.
Öz təcrübəmi də qeyd etmək istərdim. Universitetə qəbul zamanı 606 bal toplamışdım. Bakıya gəldim, oxudum, əlaqələr qurdum və dördüncü kursda öz işimi qurmağa nail oldum. Yüksək bal toplayıb uğursuz olan bir nəfər belə görmədim. Tanıdıqlarımın çoxu hazırda ölkənin nüfuzlu şirkətlərində çalışır, bəziləri xaricdə təhsil alır və ya yeni həyat qurub.

Ona görə də kiminsə yanlış fikirlərinə uymayın, universitetə qəbul olunmusunuzsa, fürsəti dəyərləndirin. Olunmamısınızsa, öyrənməyə davam edin. Uğurun yeganə düsturu budur".

Seçilən
16
1
azedu.az

2Mənbələr