AZ

ZELENSKİNİ ƏVƏZLƏYƏ BİLƏCƏK ƏSAS FİQUR – General Zalujnı Londonda gözləyir…

Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzeti Ukraynada daxili siyasi mübarizə və Prezident Volodimir Zelenskidən sonra ölkəyə rəhbərlik edə biləcək potensial namizədlər barədə geniş məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, müharibənin mümkün dondurulması fonunda seçkilərin keçirilməsi mövzusu aktuallaşır və həm Ukraynada, həm də beynəlxalq siyasi dairələrdə Zelenskini əvəzləyə biləcək fiqurlar müzakirə olunur. Ən çox diqqət çəkən ad isə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnıdır. Qəzet xatırladır ki, ABŞ vitse-prezidenti Cey Di Vens hələ fevral ayında Zelenski ilə Tramp arasındakı gərginlikdə mühüm rol oynayıb, indi isə Zelenskiyə alternativ fiqurlar axtarışına start verilib. Mart ayında Vensin komandası Zalujnı ilə əlaqə qurmağa çalışsa da, general bu təkliflərə cavab verməkdən imtina edib.

Zalujnı indiyədək siyasi ambisiyaları barədə açıq danışmayıb, müsahibə təkliflərini də rədd edir. Onun Londondakı fəaliyyətləri ciddi nəzarətdə saxlanılır. Lakin Ukrayna səfirliyinə tez-tez müxtəlif dairələrin nümayəndələri – deputatlar, iş adamları, vətəndaş cəmiyyəti fəalları, hətta Donald Trampın sabiq müşaviri Pol Manafort da gəlib. Manafort gələcək seçki kampaniyasında dəstək təklif etsə də, general bu təklifi qəbul etməyib.

Ötən ilin noyabrında Zelenski administrasiyasının rəhbəri Andrey Yermak Zalujnı ilə görüşərək, gələcək seçkilər ərəfəsində vahid siyasi cəbhə nümayiş etdirmək üçün prezidentin komandasına qoşulmağı təklif edib. Zalujnı bu təklifi rədd etsə də, Zelenskiyə qarşı açıq tənqidlərdən çəkinəcəyini və siyasi ambisiyaları barədə qərar verəcəyi halda bunu ilk növbədə administrasiyaya bildirəcəyini vurğulayıb.

Bununla belə, Kiyevdə Zalujnının siyasi yarışa hazırlaşdığına dair əminlik artır. General öz planlarını yaxın çevrəsi ilə belə bölüşmür, lakin çoxları onun “uyğun anı” gözlədiyini düşünür.

Məqalədə qeyd olunur ki, Zalujnı bir çox hərbi komandirlərlə əlaqəni saxlayır, kabinetində cəbhənin canlı görüntülərini izləyir və özünü “müharibə dövrü lideri” kimi təqdim etməyə hazırlaşır. Onun yaxın ətrafı generalın İsraili nümunə götürdüyünü bildirir – düşmənlər tərəfindən əhatələnmiş, amma müdafiəyə tam fokuslanmış dövlət modeli kimi. Zalujnının siyasi platformasının əsas tezislərinin sərt və tələbkar xətt üzərində qurulacağı güman edilir. Onun Uinston Çörçillə müqayisə olunması da təsadüfi deyil. Lakin özü etiraf edir: “Bilmirəm, Ukrayna xalqı bu qədər sərt siyasətə hazırdırmı?”“AzPolitika.info”

Seçilən
18
2
veteninfo.az

3Mənbələr