AZ

“Oxumaqdan başqa heç nə etmirdim” - Məktəbi qızıl nişanla bitirən Məryəm

“Oxumaqdan başqa heç nə etmirdim”.

Bu sözləri Bizim.Media-ya müsahibəsində bu il 11-ci sinfi fərqlənmə  attestatı və qızıl nişanla bitirən Məryəm Atakişizadə deyib.

O, Buzovna qəsəbəsində yerləşən 234 nömrəli məktəbin məzunudur. Bu il Elm və təhsil naziri Emin Əmrullayevi əmri ilə xüsusi nümunəli attestata və qızıl nişana layiq görülən Məryəm uğurunun sirləri, istifadə etdiyi dərs proqramından və seçdiyi ixtisas barəsində danışıb.

“2024-cü ildə Elm və Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirdiyi “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olaraq III yerə layiq görüldüm. Müsabiqəyə qatıldıqda mənim məlumatım var idi ki, yarışmada yer tutsam, 11-ci sinfi bitirdikdə fərqlənmə attestat almaq şansım var. Bu il 11-ci sinif buraxılış imtahanında 286.5 bal topladım. İyulun 17-də təhsildə xüsusi nailiyyətlərimə görə qızıl nişanla təltif olundum”.

Qeyd edək ki, Məryəm Atakişizadə təhsilini Türkiyədə davam etdirəcək. Məzun İstanbul Texniki Universitetində Memarlıq ixtisasında ( tədris ingilis dilində )  təhsil alacaq. Onun təhsil haqqı Türkiyə bursları tərəfindən qarşılanacaq.

“Mən Türkiyədə  ali təhsil almaq istədiyim üçün attestatımı Türkiyə universitetlərinə göndərirdim.  Düşünürəm ki, fəqlənmə attestat xüsusi olduğu üçün müraciət etdiyim bütün universitetlərdən müsbət cavab aldım.

Memarlığı seçməyimin səbəbi uşaqlıqdan bəri binalara olan marağım idi. Gələcəyimi bu sahədə daha yaxşı görürəm.  Seçim zamanı ailəmlə müzakirələr etdik və qərarlaşdırdıq ki, Türkiyənin nüfuzlu universitetlərindən biri olan İstanbul Texniki Universitetinə sənədlərimi yolladım. Şükür ki, oradan da müsbət cavab aldım”.

“Ailəm sorğu-sualsız məni dəstəkləyib...”

“Hər bir müsabiqədə anam və atam sorğu-sualsız məni dəstəkləyiblər. Buna görə də ailəm mənim birinci dəstəkçimdir.

Məktəbimlə bağlı da xoş xatirələrim çoxdur. Müəllimlərimin əməyini puç edə bilmərəm. Sinif
rəhbərim əməkdar müəllim Kəmalə Əliyevanin,  riyaziyyat müəllimim Kamilə Həbibovanın üzərimdə əməyi çoxdur.  Həmçinin məktəb rəhbərliyimiz  məni bir çox müsabiqəyə göndərib, mən də yer tutaraq qayıtmışam”.

Əlbəttə, məqsədləri olan hər bir şagirdə maraqlıdır ki, Məryəm kimi şagirdlərin uğurlarının sirri nədir?

Məryəm isə bunu belə açıqlayıb: Dəqiq və disiplinli dərs proqramı

“Dərs planı hər kəsin motivasiyasından asılıdır. Mən demək olar ki, oxumaqdan başqa heç nə etmirdim. Təbii ki, sosial həyatım da var idi, məktəbə gedirdim, yarışmalarda iştirak edirdim. Ancaq eyni zamanda  məktəb dərslərimə, imtahan fənlərimə hazırlaşırdım. Həmçinin xaricdə təhsil almaq üçün bir neçə imtahana girmişəm. Onlara hazırlaşmaq ağır proses idi.  Bu prosesin öhdəsindən gəlmək üçün dəqiq, disiplinli dərs proqramı qurmaq lazımdır. Hər şeyi öyrənmək, oxumaq o qədər də asan deyil. Ancaq düzgün qərarlar, motivasiya ilə bunu etmək mümkündür”.

Müsahibəmizin sonunda Məryəmdən soruşduq ki, Türkiyədə təhsilini bitirdikdən sonra  bir memar kimi vətəninə qayıdıb, burada fəaliyyət göstərməyi planlaşdırır?

“Təbii ki, bu gələcəkdən və şəraitdən asılıdır. Amma Azərbaycana qayıdıb, işləmək daha yaxşı olar deyə düşünürəm”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

Seçilən
16
1
bizim.media

2Mənbələr