AZ

“Bu nişan bəzək üçün qoyulmayıb” – “STOP” ləğv oluna bilər?

Paris bəlkə də dünyada ən qeyri-adi yol hərəkəti praktikalarından birinə sahib şəhərlərdən biridir, burada artıq ümumiyyətlə “STOP” nişanı yoxdur. Əslində, illər əvvəl şəhərdə yalnız bir dənə belə nişan mövcud idi, o da 16-cı rayonun “Quai Saint-Exupéry” küçəsində yerləşirdi. Lakin sonradan bu nişan da götürüldü və yenidən bərpa olunmadı. Beləliklə, hazırda Parisdə yol hərəkəti tamamilə başqa prinsiplər üzərində qurulub.

Burada sürücülər əsasən “sağa prioritet” qaydasına əməl edirlər, yəni kəsişmələrdə sağdan gələn avtomobilə yol verilir. Digər hallarda isə işıqforlar, dairəvi hərəkət və müxtəlif yol nişanları trafik axınını tənzimləyir.

Paris təcrübəsi maraqlı bir nəticəni ortaya qoyur: şəhərdə “STOP” nişanlarının olmamasına baxmayaraq, yol qəzalarının səviyyəsi London və Roma kimi iri şəhərlərlə müqayisədə daha aşağıdır. Bu da göstərir ki, yaxşı planlaşdırılmış infrastruktur və sadə qaydalar bəzən daha effektiv olur.

Başqa ölkələrdə vəziyyət fərqlidir. Məsələn, Böyük Britaniyada “STOP” nişanları yalnız görünüşü məhdud olan yerlərdə, tramvay keçidlərində tətbiq olunur. Skandinav ölkələrdə də “all-way stop” sistemi sınaqdan keçirilsə də, geniş yayılmayıb. ABŞ və Kanadada isə əksinə, kəsişmələrdə bütün istiqamətlərdə “STOP” nişanı qoyulması geniş yayılmış təcrübədir.

Bu nümunələr göstərir ki, “STOP” nişanlarının çoxluğu heç də təhlükəsizliyin yeganə təminatı deyil. Əksinə, bəzi şəhərlərdə onları “yol ver” nişanı, dairəvi hərəkət və ya işıqforlarla əvəzləmək həm hərəkətin axıcılığına, həm də ümumi şəhər mühitinin estetikasına müsbət təsir göstərir.

Buradan belə bir sual yaranır: Azərbaycanda da oxşar praktikanın tətbiqi mümkündürmü? Yəni “STOP” nişanlarının sayını azaltmaq, onların yerini “yol ver” nişanı və digər alternativlərlə doldurmaq yol təhlükəsizliyi və sürücü davranışına necə təsir göstərə bilər? Bu yanaşma hansı şəraitdə daha optimal nəticə verə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol hərəkəti təhlükəsizliyi baxımından bu yanaşmada bir məntiq var.

Onun sözlərinə görə, ölkəmizdə “2.4 Stop” və “2.5 Yol ver” nişanları öz mahiyyətini demək olar ki itirib:

“”Stop” nişanında nəqliyyat vasitəsini tam dayandıran sürücüyə az rast gəlmək mümkündür. Bu səbəbdən nişan ümumilikdə mahiyyətini itirib. Sadəcə nişanların mahiyyətinə yox, onlara necə əməl edilməsinə baxmaq lazımdır. İnsanlar anlamalıdırlar ki, bu nişan bəzək üçün qoyulmayıb, hansısa mahiyyəti, təhlükəsizlik baxımından önəmi var. Nişanların qaydalarına uyğun davranmadıqda bədbəxt hadisə baş verə bilər”.

Mütəxəssisin fikrincə, Azərbaycanda da bu yanaşmanı gələcəkdə tətbiq etmək mümkündür:

“Azərbaycan yol hərəkəti təhlükəsizliyinə özbaşına yanaşmır, Avropa İqtisadi Komissiyasının qərarları və beynəlxalq təcrübə var. Bu yanaşma beynəlxalq təcrübədə tətbiq olunursa, Azərbaycana da nə vaxtsa gəlib çatacaq. Gələcəkdə bu məsələyə baxıla bilər. Davranışlar təhlükəsizliyə uyğun formalaşmalıdır, kütlə də buna ayaq uydurmalıdır. Digər ölkələrin yeniliklər etməsi gözəldir, bizdə isə standartlıqdan çıxmaq çətindir. Lakin təhlükəsizliklə bağlı faydalı nə isə varsa, tətbiqində iştirak edə bilərik, bundan qorxmaq lazım deyil”.

Seçilən
0
3
veteninfo.az

4Mənbələr