NATO Finlandiyada Rusiya ilə sərhədə yaxın ərazilərdə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Alyansın müxtəlif ölkələrdən olan hərbi kontingentinin iştirak etdiyi bu təlimlər “müdafiə qabiliyyətinin artırılması” məqsədi daşıyır. Lakin məsələ Rusiyada birmənalı qarşılanmayıb və Moskva bunun bölgədə gərginliyi artıra biləcəyini bəyan edib. Analitiklər isə yeni toqquşma riskinin yarandığını istisna etmirlər.
Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli News24.az-a bildirib ki, Rusiyanın cavab addımları qaçılmaz olacaq:
“Əslində bu proses 2022-ci ildən davam edir. 2023-cü ildən etibarən isə Moskva Leninqrad hərbi dairəsinin yenidən qurulmasına start verdi. Bu, təsadüfi deyil, çünki Rusiya hər rübdə bölgədə ordusunu gücləndirir, yeni hərbi hissələr yerləşdirir və mövcud bazaları genişləndirir. Finlandiyanın ən çox qorxduğu da budur – sərhəd yaxınlığında getdikcə artan Rusiya hərbi gücü”.
Politoloqun sözlərinə görə, yaxın illərdə bu ərazidə gərginliyin daha da artması istisna deyil:
“Rusiyanın sərhəd boyunca hərbi infrastrukturunu böyütməsi və qoşun yerləşdirməsi NATO ilə yeni qarşıdurma risklərini artırır. Çox güman ki, Moskva bu təlimlərə cavab olaraq əlavə qüvvələr göndərəcək, yeni texnikalar yerləşdirəcək. Bu isə bölgədə eskalasiyanın qaçılmaz olduğunu göstərir”.
Aqil Qarayev