İranın Siyasi Məqsədəuyğunluğun Müəyyənləşdirilməsi Şurasının üzvü Seyid Məhəmməd Sədr bildirib ki, Rusiya 12 günlük müharibə zamanı İsrail tərəfinə kəşfiyyat məlumatı ötürüb. Onun sözlərinə görə, Moskva Tehranda yerləşən hava hücumundan müdafiə sistemlərinin mövqeləri barədə İsrailə informasiya dəstəyi verib. İranlı məmur, həmçinin Rusiyanın İsrail hücumlarını yalnız bəyanat səviyyəsində pisləməsini də kəskin tənqid edib və Moskvanın Tehrana hava hücumundan müdafiə sistemləri və qırıcılar verməkdən imtina etdiyini də xatırladaraq, iki ölkə arasında imzalanmış “strateji tərəfdaşlıq” müqaviləsini “boş və faydasız” sənəd adlandırıb.
Bu iddia Moskva-Tehran münasibətlərində ciddi çatlara gətirib çıxara, həm Moskvanın İranla strateji tərəfdaşlığını, həm də bölgədəki güc balansını sarsıda bilər. Nəzərə alsaq ki, İran və Rusiya, xüsusilə də Qərbə qarşı siyasətdə yaxın tərəfdaş kimi çıxış edirlər, deməli, belə iddiaların ortaya çıxması artıq etimad böhranı və geosiyasi rəqabətin mürəkkəbliyini göstərir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Kazım Kazımov da hesab edir ki, Məhəmməd Sədrin bu açıqlaması əsassız deyil:
“Çünki İran dövlətinin əlində hər hansı bir informasiya olmasa, belə bir açıqlama verməzdi. Lakin bu mənbələrə nə dərəcədə etibar etmək olar və tam olaraq Rusiya İsrailə hansı koordinatları verib – təbii ki, bunlar önəmlidir. Onu da unutmaq olmaz ki, Məhəmməd Sədrin çıxış etdiyi dövr ərzində Vladimir Putin və Məsud Pezeşkian arasında görüş də olmuşdu”.
“Məlumdur ki, Rusiya İran-İsrail müharibəsində Tehranın ondan gözlədiyi performansı göstərməmiş, bir növ İran müharibədə tək qalmışdı. Bunun da əsas səbəbi odur ki, həmin dövrdə Rusiya və Amerika Birləşmiş Ştatları arasında artıq danışıqlar başlamışdı. Üstəlik, Rusiya və İsrail arasında münasibətlər də normaldır və belə olan təqdirdə İran artıq bu müharibədə Rusiyanın, sadəcə, tərəfsiz qaldığını gördü”, – analitik deyib.
Müsahibimizin sözlərinə görə, Rusiya və İran arasında da münasibətlər kifayət qədər yaxşıdır:
“Lakin bu münasibətlərə nəzər salarkən Suriya müharibəsini xatırlamaq yerinə düşər. Belə ki, Bəşər Əsəd rejimi devrilənə qədər İran və Rusiyanın Suriyada kifayət qədər aktivliyi yüksək olsa da, iki ölkə arasında gərginlik də mövcud idi. Xüsusilə də Bəşər Əsədin yaxın ətrafı üzərində İranın nüfuz dairəsinin genişlənməməsi üçün Rusiya müəyyən addımlar atmışdı. Hətta Bəşər Əsədin xalası oğlu belə, İranla daha sıx əməkdaşlıq etdiyi üçün həbs edilmişdi. Yəni Rusiya həmişə çalışırdı ki, İran, sadəcə, Suriyanın daxilində qalsın və sahil bölgəsi yalnız öz nəzarəti altında olsun. Hətta yaxşı xatırlayırıq ki, Bəşər Əsəd daha çox rusiyameyilli siyasət apardığı üçün son günlərdə İrana məxsus milis qüvvələri onu çox da ciddi şəkildə müdafiə etməmişdi. Çünki artıq İranın Bəşər Əsədlə bağlı gözləntiləri azalmışdı”.
Müsahibimiz hesab edir ki, Rusiya həmişə çalışıb ki, İranın nüvə silahı olmasın:
“Çünki nüvə silahı hər zaman vəziyyəti dəyişməyə qadirdir və bunun İranda olması Rusiyanın bir müttəfiqinin də nüvə silahına sahib olduğu anlamına gəlmir. Rusiya bilir ki, nüvə silahına sahib olan ölkə artıq daha da müstəqilləşir. Üstəlik, Moskva Suriyada yaşadığı gərginliyi də yaxşı xatırlayır. Bunun üçün də Mərkəzi Asiya, Əfqanıstan və Pakistanla bağlı siyasətlərində artıq Rusiya və İran arasında müəyyən bir fərqlilik olacağını, bu fərqlərin daha çox yüksələcəyini və İranın özünü daha rahat hiss edəcəyini çox yaxşı bilir. Onun üçün də 1945-ci ildən sonra dünyada müəyyənləşmiş qütblərin yerinə yeni bir qütbün də meydana gəlməsini Rusiya heç bir şəkildə istəmir. Moskva istəyir ki, İran həmişə regional bir güc olaraq qalsın və Rusiyanın dəstəyini arxasında hiss etmək istəyi olan bir güc olsun. Təbii ki, bu da İranı qıcıqlandırır”.
“Xüsusilə İran İsraillə müharibədən sonra Rusiyaya qarşı ritorikasını dəyişib. Elə Məhəmməd Sədrin açıqlamasını da bu qəbildən oxumaq olar. Təbii ki, o, detallı bir məlumat vermədi ki, hansı koordinatlar verilib, bununla bağlı faktlar nə qədər realdır, amma bunu İranın dövlət siyasətinin bir açıqlaması kimi oxumaq lazımdır. Yəni İran və Rusiya arasında münasibətlər, ən azından, 12 günlük müharibədən əvvəlki səviyyədə deyil”, – deyə Kazımov fikrini yekunlaşdırıb.