Biz Prezident Trampın Rusiyanın hücumunu bitirməsi üçün göstərdiyi diplomatik səyləri dəstəkləyirik. Nəticə ədalətli və davamlı sülh olmalıdır. Bu sülh həm Ukraynanın, həm də Avro-Atlantik təhlükəsizlik maraqlarını qorumalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan Kanadanın Baş naziri Mark Karni ilə mətbuata bəyanatında bildirib.
F.Merts Ukrayna və Rusiya prezidentlərinin görüşünün baş tutmaması təqdirində, Rusiyaya qarşı təzyiqin artırılmasının vacibliyinə toxunaraq deyib: “Prezident Zelenski ötən həftə Vaşinqtonda açıq şəkildə bildirdi ki, o, yaxın günlərdə Putinlə bir masa arxasında oturmağa hazırdır. İndi növbəti addımı Moskva atmalıdır. Əgər Rusiya Prezidentinin bu müharibəni dayandırmaq niyyəti ciddidirsə, onda bu təklifi qəbul etməlidir. Moskva bu addımı atmazsa, daha çox təzyiq lazım olacaq. Avropa İttifaqı yeni sanksiyalar üzərində işləyir, ABŞ Prezidenti də əlavə gömrük rüsumlarını istisna etməyib”.
Almaniya Kansleri Avropa ölkələrinin, ABŞ və Ukraynanın birlikdə təhlükəsizlik zəmanətlərinin mümkün variantlarını hazırladıqlarını qeyd edərək vurğulayıb ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri güclü və etibarlı olmalıdır. Bu zəmanətlərin əsas məqsədi Ukrayna ordusunun öz ölkəsini uzun müddət müdafiə edə bilməsini təmin etməkdir. Digər məsələlər yalnız bundan sonra müzakirə oluna bilər.
Kanadanın Baş naziri M.Karni isə Almaniya Kansleri ilə görüşdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü müzakirə etdiklərini deyib.
O, Kanadanın da rus şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini və Ukraynaya əlavə hərbi dəstək göstərəcəyini bildirib.