AZ

Araz Naxçıvan layiqli qələbə qazandı Füzuli Məmmədov mərkəzi qarşılaşmanı şərh etdi

Fanat saytına istinadən ain.az xəbər verir.

Misli Premyer Liqasında 2-ci turun mərkəzi qarşılaşması "Azərsun Arena"da baş tutdu. Meydan sahibi qismində mübarizə aparan "Turan Tovuz" "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub oldu. "Neftçi"nin və Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb mərkəzi oyunu dəyərləndirməsini xahiş etdik.

Onun Fanat.Az-a bölüşdüyü fikirlərlə tanış olun:

"Turan Tovuz" ilk oyununu "İmişli"yə, "Araz-Naxçıvan" isə "Zirə"yə qarşı keçirmişdi. Qərb təmsilçisi bildiyiniz kimi, son dəqiqədə vurduğu qolla "İmişli"ni yenmişdisə, "Araz" "Zirə" ilə qollu bərabərliyə razılaşmışdı. Yüksək hədəflər uğrunda mübarizə aparan komandaların görüşünün maraqlı və gərgin alınacağı öncədən bəlli idi. Hər iksinin heyətlərində keyfiyyətli futbolçular var. "Turan" matça 5-3-2, Naxçıvan təmsilçisi isə baş məşqçi Elmar Baxşıyevin uzun müddətdir sadiq qaldığı 4-2-3-1 sxemi ilə başladı. Tovuz komandası ilk yarıda oyuna nəzarət edən tərəf olsa da, "Araz"ın mərkəz müdafiəçiləri - Rahil Məmmədovla Bəxtiyar Həsənalızadə yaxşı performans sərgilədilər. Düzdür, "Turan"ın qol epizodları oldu. Amma ümumi götürsək, adlarını çəkdiyim oyunçuların başçılığı ilə "arxa cəbhə" inamlı təsir bağışladı. Baxşıyevin komandası yaxşı müdafiə olunmaqla yanaşı, həm də təhlükəli keçidlərlə diqqət mərkəzinə düşdü. Nominal qonaqlar hesabı "Turan"ın dominantlıq etdiyi zaman kəsiyində açdılar. Şarl Boli standart vəziyyətdən sonra 38-ci dəqiqədə fərqləndi. Oyunun birinci hissədəki ümumi şəkli belə idi ki, "Araz" ağıllı şəkildə müdafiə olunur, topu qazanandan sonra hücum edir, həmləni başa çatdırandan sonra geri çəkilirdi. Tovuz təmsilçisi isə topu sağa-sola çevirir, qol epizodlarına girmək üçün boşluqlar axtarırdı. Fasilədən sonra vəziyyət dəyişdi, "Araz" daha məzmunlu çıxışla yadda qaldı. Oyun intizamı deməyək, "Turan"ın dəsti-xətti pozulmuşdu. 1:0 hesabı ilə öndə olan Naxçıvan təmsilçisi üstünlüyü ələ almışdı. Rəqib ikinci qolu vurandan sonra "Turan"ın qələbə qazanmaq ehtimalı minimuma endi. Düzdür, tovuzlular Alexandro Serranonun 77-ci dəqiqədə penaltidən vurduğu qolla fərqi minimuma endirdilər, amma meydandakı futbola baxsaq, "Araz-Naxçıvan" layiqli qələbə qazandı".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
fanat.az

3Mənbələr