Amerikanın “Southwest Airlines” aviaşirkəti 27 yanvardan etibarən oturacaq arakəsməsinə sığmayan sərnişinlərin əvvəlcədən ikinci bir oturacaq almasını məcburi edəcək. Şirkət eyni tarixdə nömrələnmiş oturacaq sisteminə də keçəcək.
Mövcud qaydaya görə, kök sərnişinlər əlavə oturacağı ya əvvəlcədən alıb pulunu geri qaytara bilir, ya da hava limanında pulsuz tələb edə bilirdilər. Yeni qaydada isə geri ödəmə imkanı qalacaq, lakin artıq zəmanət verilməyəcək.
“Southwest”in açıqlamasında bildirilib ki, əvvəllər əlavə oturacaqdan yararlanan sərnişinlərə rezervasiya zamanı ikinci oturacağı satın almaları lazım olduğu qeyd olunurdu.
Şirkət geri ödəmənin yalnız uçuş tam dolmadıqda, hər iki bilet eyni sinifdə alındıqda və uçuşdan sonrakı doxsan gün ərzində müraciət olunduqda həyata keçiriləcəyini bildirib.
Yeni qaydaya əsasən, əlavə oturacağı əvvəlcədən almayan sərnişinlər hava limanında əlavə bilet almaq məcburiyyətində qalacaqlar. Əgər uçuş tam doludursa sərnişin başqa reysə yönləndiriləcək.
Orlandolu səyahət məsləhətçisi Ceyson Von dəyişikliklərin yalnız kök sərnişinləri deyil, bütün sərnişinləri mənfi təsir edəcəyini vurğulayıb.
Mütəxəssislər “Southwest”in uzun illər sərbəst oturacaq seçimi və pulsuz baqaj siyasəti ilə rəqiblərindən fərqləndiyini xatırladaraq, şirkətin bu addımla öz xəttini itirdiyini bildirirlər.
Qeyd edək ki, “Southwest Airlines” son vaxtlar maliyyə çətinlikləri ilə üz-üzədir.
İnvestorların təzyiqi altında qalan şirkət ötən il daha geniş ayaq yeri üçün əlavə ödəniş və gecəyarısı reysləri kimi yeni tətbiqlərə keçəcəyini də açıqlamışdı.