AZ

“Ukraynada sülh yalnız yekun qələbədən sonra mümkün görünür” - Şəhla Cəlilzadə

“Rusiya və Ukrayna arasında liderlər səviyyəsində görüşün baş tutması üçün tərəflərin güzəştlərə getməsi tələb olunur. Hazırkı şəraitdə isə xüsusilə Zelenskidən ərazi güzəştlərinə razılıq gözlənilir, amma o, bu məsələdə qətiyyətli mövqe sərgiləyir. Zelenski ərazi güzəştlərinə getməyəcəyini Ukraynanın Müstəqillik Günündə də bir daha bəyan edib. Bu səbəbdən Putinlə görüşün reallaşması mümkün görünmür. Elə buna görə də Rusiya XİN rəhbəri Sergey Lavrov son günlərdə açıqlama verərək, Putin–Zelenski görüşünün gündəlikdə olmadığını bildirib”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “NBC News”a müsahibəsində Prezident Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında Alyaskada keçirilən görüş barədə danışıb. Onun sözlərinə görə, həmin danışıqlarda Kreml rəhbəri ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü müzakirə olunmayıb. Lavrov həmçinin Moskvanın Kiyevlə İstanbul formatında təmasları davam etdirməyə hazır olduğunu vurğulayıb.

Siyasi şərhçi bildirib ki, bu fonunda İstanbul formatının yenidən işə düşməsi ehtimal edilir.

“Doğrudur, bu formatı “uğursuz” hesab edənlər də var, çünki indiyədək ciddi nəticə əldə edilməyib. Lakin məhz həmin danışıqlar nəticəsində “taxıl sazişi” və “əsir mübadiləsi” mümkün olub. Tammiqyaslı sülh və davamlı atəşkəs razılaşmasına gəlincə, hətta Trampın vasitəçiliyi ilə aparılan danışıqlar belə bu istiqamətdə nəticə verməyib. Avropa liderləri isə 15 avqustda keçirilən Putin–Tramp görüşünü “işğalçının mükafatlandırılması” kimi dəyərləndiriblər. Beləliklə, “tükəndirmə müharibəsinin” yalnız tərəflərdən birinin yekun qələbəsinədək davam edəcəyi ehtimal olunur. Hazırda isə Rusiya–ABŞ iqtisadi danışıqları aparılır və bunlar Ukraynanın gələcək taleyini müəyyənləşdirəcək əsas müzakirələr hesab olunur. Əgər ABŞ Rusiya ilə anlaşsa və Kiyevə hərbi dəstəyi zəifləsə, Rusiyanın “qələbəsi” an məsələsi ola bilər. Lakin bu baş versə belə, həmin nəticə Moskva üçün klassik “Pirr qələbəsindən” də zəif olacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
0
aznews.az

1Mənbələr