Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyədə 3 yoxlama görüşü keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.
O, gələn həftədən etibarən Türkiyədə təlim-məşq toplanışına start verəcəklərini deyib:
“Bu həftə Bakıda son məşqlərimizi keçəcəyik. Bazar günü gecə Türkiyəyə yola düşəcəyik. Sentyabrın 1-dən 7-nə qədər Alanya şəhərində təlim-məşqlərə başlayacağıq. Alanyanın çimərlik futbolu üzrə komandası ilə də 3 yoxlama matçı keçirəcəyik. Bu komandada oynayan futbolçuların əksəriyyəti Türkiyə millisinin üzvləridir”.
Mütəxəssis milliyə bir neçə futbolçu da dəvət ediləcəyini nəzərə çatdırıb:
“Heyətə gəlincə, İspaniyadakı turnirdən sonra demək olar dəyişiklik edilməyib. Orada oynadığımız heyətin 95 faizini saxlamışıq. Çimərlik futbolu üzrə Azərbaycan Superliqasından sonra bir neçə futbolçunu bəyənmişik. Vaxtımız az olduğu üçün onları yalnız Avropa Superfinalıdan sonra heyətə dəvət edəcəyik. Çünki həmin uşaqlar hələ çimərlik futboluna tam uyğunlaşmayıblar”.
Qeyd edək ki, milli sentyabrın 7-dən 15-dək İtaliyanın Viareccio şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək. B Liqasının A qrupunda yer alan komanda Belçika və Litva ilə üz-üzə gələcək.