AZ

Şeyxülislam – tolerantlığın və dini həmrəyliyin carçısı

 Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri,  Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür, 76 yaşı tamam olur.

1979-cu ildə, 30 yaşında Şeyxülislam seçilən A.Paşazadə istər sovet, istərsə də müstəqillik dövründə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib.

Şeyxulislamın ictimai-siyasi bioqrafiyası kifayət qədər zəngin irsi daşıyır.  Ona qədər Azərbaycanda SSRİ zamanında mükəmməl dini təhsil ala bilmiş rəhbər olmayıb. A.Paşazadədən əvvəlki son üç  Şeyxulislamın ikisi Rusiya İmperiyası zamanında dini təhsil alıb, sabiq milis işçisi olan sonuncu rəhbər isə fərdi biliklər qazanması sayəsində bu postu tutub.

QMİ sədri sovetdən qalma ənənəvi dini passivliyi dağıdaraq ona yeni nəfəs verməyi bacarıb. 30 yaşında Şeyxülislam seçilən A.Paşazadə sovet məkanında ən gənc dini rəhbər idi. Bu seçim SSRİ-nin dini cameəsində böyük rezonans yaratdı. Çünki SSRİ-də adətən müsəlman din rəhbərləri çox yaşlı olur və cəmiyyətdən təcrid olunmuş halda fəaliyyət göstərirdilər.

Şeyxülislamın həyatı ölkəmizin müstəqillik yolu, milli birliyi və tolerantlıq siyasəti ilə bağlı böyük bir tarixdir.

Allahşükür Paşazadə dörd onillikdən artıqdır ki, yalnız Azərbaycan müsəlmanlarının deyil, bütöv Qafqazın dini həyatına rəhbərlik edir. Onun fəaliyyəti təkcə məscidlərin, dini mərasimlərin, yaxud dini ayinlərin çərçivəsi ilə məhdudlaşmayıb.

QMİ sədri Azərbaycan prezidenti İlham Əliyevin tolerantlıq siyasətinin mesajını, Azərbaycanı dünyaya sülhün, qarşılıqlı hörmətin və multikultural dəyərlərin vətəni kimi tanıdan simalardan biri olub.

Onun sözləri hər zaman qəlblərdə izini qoyur, cəmiyyəti vəhdətə səsləyir: “Din insanları ayırmaq yox, birləşdirmək üçündür”. Bu amal ilə o, müsəlman, xristian və yəhudi icmalarını bir masa arxasında toplayıb, xalqlar və dinlər arasında körpü yaradıb.

Beynəlxalq miqyasda da Allahşükür Paşazadənin səsi ucadan eşidilib. Roma Papaları ilə görüşlərdə, BMT və G20 tribunasından etdiyi çıxışlarda Azərbaycan adından səsləndirdiyi sülh, həmrəylik və tolerantlıq çağırışları dünya dini liderlərinin diqqətini çəkib. Bu gün ölkəmizin tolerantlıq nümunəsi kimi tanınmasında onun da payı danılmazdır.

Şeyxülislam Qarabağ müharibəsi illərində dini nifrət toxumlarının səpilməsinə imkan vermədi. Millətin ağrı-acısını bölüşərək, insanları barışa, mərhəmətə, qardaşlığa səslədi. Bu gün də həmin çağırışlar aktuallığını qoruyur.

Allahşükür Paşazadə həm də alimdir, müəllimdir, maarifçidir. Onun yetişdirdiyi gənc din xadimləri bu gün Azərbaycanda İslamın milli-mənəvi dəyərlərlə uzlaşmasına xidmət edirlər.

Azərbaycan və bütövlükdə Qafqaz regionunda dini lider kimi dərin iz qoymuş QMİ sədrinin  fəaliyyəti bir neçə mühüm istiqamət üzrə yadda qalıb:

Dini liderlik və tolerantlıq siyasəti: 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilən Allahşükür Paşazadə dörd onillikdən artıqdır ki, dini proseslərin idarə olunmasında aparıcı fiqurdur.

O, Azərbaycanda dini tolerantlıq və multikultural dəyərlərin qorunmasında mühüm rol oynayıb. Müxtəlif dini konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində fəaliyyətinə daim dəstək göstərib.

Beynəlxalq nüfuz: QMİ sədri yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də tanınan dini liderdir. O, Vatikan, Moskva Patriarxiyası, Türkiyə Diyanəti, Yaxın Şərq və Orta Asiya ölkələrinin dini mərkəzləri ilə sıx əməkdaşlıq edib.

Bir sıra beynəlxalq dinlərarası dialoq platformalarında Azərbaycanı təmsil edib.

Sülh və həmrəylik çağırışları: Qarabağ münaqişəsi dövründə və digər regional gərginliklərdə dini nifrətə yol verilməməsi üçün fəal çıxışlar edib. Onun çağırışları sülh, qarşılıqlı anlaşma və sabitlik ideyalarına xidmət edib.

Müxtəlif millətlər və dinlər arasında barışığın qorunmasında önəmli vasitəçi rolunu oynayıb.

Elm və dini maarifçilik fəaliyyəti: O, həm də ilahiyyat üzrə alimdir və dini maarifləndirməyə, gənc din xadimlərinin yetişdirilməsinə diqqət ayırıb.

Azərbaycanda İslamın milli-mənəvi dəyərlərlə uzlaşmasına xüsusi önəm verib.

Dövlət-din münasibətlərində körpü rolu: Müstəqillik dövründə dövlətlə dini qurumlar arasında sağlam münasibətlərin formalaşmasında onun xüsusi rolu olub.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanı dünyada dini tolerantlıq nümunəsi kimi tanıdan əsas simalardan biri kimi tarixə düşüb.

Bu gün Şeyxülislam təkcə dini lider deyil, Azərbaycanın müstəqillik tarixində milli birliyi qoruyan, dövlətlə xalq arasında körpü rolunu oynamış bir şəxsiyyətdir.

Onun həyatı və fəaliyyəti bir həqiqəti təsdiqləyir: dini liderlik yalnız minbərdə deyil, həm də xalqın yaşamında və taleyində iştirakçı olmaqdır.

Aydın ABBASOV  

 

 

AzPost.az

Seçilən
6
1
azpost.info

2Mənbələr