Laçın rayonu Azərbaycan Respublikasının mühüm tarixi, mədəni və strateji əhəmiyyətə malik bölgələrindən biridir. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Laçın, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanat əsasında 1 dekabr 2020-ci il tarixində Azərbaycanın nəzarətinə qaytarıldı. Bununla da ölkənin ərazi bütövlüyü istiqamətində mühüm mərhələ başa çatdı.
Hazırda rayonda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. İnfrastruktur layihələri icra olunur, sosial obyektlər tikilir, yollar çəkilir, yaşayış məntəqələri mərhələli şəkildə bərpa edilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində Laçın rayonuna keçmiş məcburi köçkünlərin könüllü və təhlükəsiz qayıdışı təmin olunur. Dövlətin təqdim etdiyi yaşayış evləri, ictimai xidmətlər və müasir infrastruktur rayonda dayanıqlı yaşayışın təmin olunmasına şərait yaradır.
Laçın Gününün qeyd olunması işğaldan azad edilmiş ərazilərdə dövlət suverenliyinin və idarəçiliyinin tam bərpasının, eyni zamanda, milli həmrəyliyin və tarixə bağlılığın ifadəsidir. Bu gün Laçın rayonunda aparılan quruculuq prosesi Azərbaycanın inkişaf konsepsiyasının tərkib hissəsi kimi həyata keçirilir və regionun sosial-iqtisadi potensialının tam şəkildə reallaşdırılmasına yönəlib.
Millət vəkili Aqil Abbas Sherg.az-a Laçınla bağlı təəssüratlarını bölüşüb:
"Laçını dağıtdılar, amma torpağını dağıda bilmədilər. Torpağın bərəkətini qaçırda bilmədilər. Bu torpaq yaşadı və bir gün yenidən öz sahiblərinə qovuşdu. Laçında bir neçə dəfə olmuşam. Çox gözəl, qeyri-adi, səliqəli, təmiz bir şəhər salınıb, yollar asfaltlanıb. Halbuki vaxtilə sovet dövründə belə bu şəhərə asfalt yol çəkilməmişdi. İndi yaraşıqlı binalar, Həkəri çayının ətrafında isə istirahət mərkəzləri tikilib. Əslində Laçın dünən bayramını qeyd etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə IX Muğam Festivalı məhz Laçında keçirildi. Beləliklə, Laçın torpağı yenidən muğamına, sazına, səsinə qovuşdu. Xanəndələr səs-səda ilə, tarzənlər barmaqlarının tellərə vurduğu nəğmələrlə Laçını silkələdilər".
Deputat Laçın camaatını xoşbəxt camaat adlandırıb:
"Otuz ildən artıq qaçqınlıq həyatı yaşamalarına baxmayaraq, öz məğrurluqlarını, adət-ənənələrini heç zaman itirmədilər. Onlar torpağa da, saz-sözə də, musiqiyə də dərindən bağlıdırlar.
Bu gün Laçında böyük quruculuq işləri aparılır. Aeroport tikilib, yeni otellər inşa olunur. Laçın artıq bir turizm mərkəzinə çevrilib və gələcəkdə daha da inkişaf edəcək".