“Rəsmi Tehran ABŞ və İsrailin İrana hücumunun təkrarlanmayacağına əmin olarsa, nüvə dosyesi ilə bağlı Vaşinqtonla dolayı danışıqları bərpa etməyə hazırdır”.
Sitat.info xəbər verir ki, bu fikri “Asharq Al Awsat” qəzetinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi söyləyib.
“Amerikalılar bu danışıqlar zamanı heç bir hərbi əməliyyata başlamayacaqlarına dair bizi əmin etsələr, biz ABŞ ilə dolayı danışıqlar aparmağa hazırıq. Biz zəmanət almalıyıq ki, bu, hər iki tərəfin maraqlarına cavab verən və qarşılıqlı faydaya əsaslanan dürüst və ədalətli danışıqlar olacaq”, - deyə Əraqçi bildirib.
Nazirin sözlərinə görə, Amerikanın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə hücumu, öz ərazisində uranın zənginləşdirilməsi hüququnu müdafiə etməyə davam edən İranın mövqeyinə təsir etməyib: “İsrail bizə hücum edəndə danışıqlar tam sürətlə gedirdi, bundan sonra Amerika da onlara qoşuldu. Ona görə də hər hansı yeni danışıqlar baş tutarsa, şübhəsiz ki, əvvəlkilər kimi olmayacaq”.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb.
ABŞ münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.