"Yeni məhdudiyyətlər enerji bazarına toxunmayacaq, amma "kölgə donanması" hədəfə alınacaq..."
Avropa İttifaqı Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketini hazırlayır və sənədin sentyabrda açıqlanacağı gözlənilir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Dörd avropalı diplomat nəşrə bildirib ki, yeni məhdudiyyətlər Moskvanın əsas gəlir mənbəyi olan enerji satışına ciddi təsir etməyəcək. Əksinə, əsas hədəf "kölgə donanması" adlanan neft tankerləri və Rusiyanın indiyədək mövcud məhdudiyyətləri aşmasına yardım edən şirkətlər olacaq.
Mütəxəssislər hesab edir ki, Moskva üçün ən ağrılı nəticə yalnız o halda mümkündür ki, Avropa və ABŞ Rusiya ilə işləyən şirkətlərə və dövlətlərə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etsinlər. Lakin belə mexanizmlərin hələlik daha çox ABŞ-ın əlində olduğu vurğulanır.
Bir çox ekspertlərin fikrincə, Kreml yalnız o vaxt ABŞ prezidenti Donald Tramp ilə Alyaskada danışıqlara getməyə razılaşıb ki, Vaşinqton Hindistana qarşı yüksək rüsumlar tətbiq edib. Səbəb - Hindistanın Rusiya nefti alaraq Kremlin hərbi maşınını maliyyələşdirməsidir.
Növbəti dramatik addım isə, analitiklərin fikrincə, Çinə yönəlmiş oxşar tədbirlər ola bilər. Tramp artıq Moskva sülh danışıqlarına razılıq verməsə, "kütləvi sanksiyalar və ya rüsumlar" tətbiq edə biləcəyinə işarə edib. Avropa İttifaqı da Rusiyadan enerji idxalını mərhələli şəkildə azaltmaq planını işə salıb. Amma enerji sahəsində əlavə sərt addımlar atmaq imkanlarının çox məhdud olduğu bildirilir.
ICIS analitik şirkətinin aparıcı neft eksperti Acay Parmarın sözlərinə görə, əvvəlki paket Rusiya nefti üçün kifayət qədər ağır olub və bu sahədə əlavə imkanlar xeyli məhduddur. Bu həftə Aİ xarici işlər nazirləri qeyri-rəsmi sammitdə baş diplomat Kaya Kallasla birlikdə yeni sanksiyalar üzərində müzakirələr aparacaq.
Slovakiya və Macarıstan ənənəvi olaraq məhdudiyyətlərin genişləndirilməsinə qarşı çıxsa da, diplomatlar onların razılığını almağın mümkün olacağına inanırlar. "Sadəcə, əvvəlki 18 dəfə baş verənləri xatırlayın", - bir diplomat bildirib. Xatırladaq ki, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas avqustun 11-də 19-cu sanksiyalar paketini anons edib.
Sanksiyaların təsiri və məhdudiyyətləri
2022-ci ilin fevralında genişmiqyaslı müharibə başlayandan bəri Rusiyaya tarixdə misilsiz sayda sanksiya tətbiq olunub. Onlar Moskvanın manevr imkanlarını müəyyən qədər daraltsa da, onun hərbi maşınını dayandıra bilməyib.
"The New York Times" yazır ki, səbəb əsasən sanksiyaların xırda və pərakəndə olmasıdır. Ən başlıcası isə - hələ də Rusiyaya valyuta axını tam bağlanmayıb. Qeyd edək ki, Tramp Putinlə görüşdən sonra Rusiya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyaları hələlik planlaşdırmadığını açıqlayıb.