AZ

Sumqayıt və Xırdalandakı təzə avtobuslar sərnişinlər üçün təhlükəlidir? MÜTƏXƏSSİS AÇIQLADI VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Son günlər ölkəmizə gətirilən bəzi avtobuslarla bağlı vətəndaşları narahat edən məqamlar gündəmə gəlib. Xüsusilə Sumqayıt şəhərinə ictimai nəqliyyatda gözlənilən yeniliklər çərçivəsində avtobusların dəyişdirilməsi və yenilərilə əvəzlənməsi ilə bağlı görülən işlər suallar yaratmağa başlayıb.

Sumqayıt sakini Avtosfer.az-ın sosial şəbəkə hesabına yazaraq şəhərdə fəaliyyət göstərən “İsuzu” markalı “CNG” ilə işləyən avtobusların təhlükə yaratmasından ehtiyat etdiyini bildirib. O qeyd edib ki, avtobusun qaz çəni sərnişinlərin oturduğu yerin altındadı.

Məsələ ilə əlaqədar həm mütəxəssisin rəyini öyrəndik, həm də qeyd edilən avtobusların ölkəyə gətirilməsini təmin edən “Azərmaş” MMC ilə əlaqə saxladıq.

MMC-dən Avtosfer.az-a bildirildi ki, qeyd edilən avtobuslar Özbəkistanda “İsuzu” şirkəti tərəfindən istehsal edilir və həm bu ölkədə, həm də Türkmənistan və Qazaxıstanda ictimai nəqliyyat kimi istismar olunur:

““İsuzu” şirkəti avtobusların bütün beynəlxalq standartlara cavab verməsi ilə əlaqədar sənədləri bizə göndərib və avtobusların istismara buraxılması üçün aidiyyəti qurumlara təqdim etmişik. Avtobusla bağlı məlumatlara gəlincə, qeyd olunan çənlər istehsalçı şirkətin özü tərəfindən avtobusun sağ və sol arxa hissəsində yerləşdirilib. Sərnişinlər hansısa təhlükə yoxdur”.

Avtomobil ustası Azər Babayevin sözlərinə görə, o, daha əvvəl qeyd olunan avtobusların funksiyaları və işləmə mexanizmi ilə bağlı məlumat alıb:

“CNG ilə işləyən avtobusların çəninin onun üstündə olması daha təhlükəsizdir, doğrudur. Lakin bəzən hadisələr qaçılmaz olur, güclü külək nəticəsində maşının üstünə də nəsə düşə bilər. “İsuzu”larla bağlı indiyə qədər hansısa qəza nəticəsində partlama, yaxud sıxılma xəbəri eşitməmişəm. O biri tərəfdən gətirilən avtobusların çəninin divarları qalındır. Çənin içərisində sıxılmış CNG var və hansısa zərbə zamanı bu qaz LPG-dəki kimi partlayışa səbəb olmur, buxarlanır. Bu baxımdan, çənin arxada olmasının, yaxud CNG ilə işləməsinin təhlükəli olmamasını qeyd edə bilərəm”.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr