Avqustun 25-də, saat 11:00 radələrində Polşanın Leşno dairəsinin Kşitsko Velke qəsəbəsində təyyarə qəzası baş verib.
Publika.az xəbər verir ki, kiçik təyyarə qəzaya uğrayaraq yerə çırpılıb. Hadisə nəticəsində pilot və sərnişin həlak olub. Ölənlərdən biri çəkicatma üzrə idmançı Yakub Praxarçik olub.
Yüngül təyyarə Poznandakı Laviça hava limanından havaya qalxmış, Leşno aerodromunun üzərindən uçmuş və yoluna davam etmişdi. Lakin hələlik məlum olmayan səbəblərdən təyyarə qəfil qəzaya uğrayaraq Kşitsko Velkedə Spokoyna küçəsindəki evin üzərinə düşüb. Təyyarə alışıb və içəridə olan iki nəfəri xilas etmək mümkün olmayıb.
“OKS Skra” Varşava klubunun məşqçisi Nikolay Rossa “WP SportoweFakty” portalına açıqlamasında tələbəsi Yakub Praxarçikin ölümünü təsdiqləyib. Cəmi iki gün əvvəl, avqustun 23-də, o, Polşa çempionatında iştirak etmişdi.