AZ

“Rheinmetall” silah şirkəti Bolqarıstanda sursat zavodu inşa etməyi planlaşdırır

ain.az, Azertag saytına istinadən bildirir.

Berlin, 27 avqust, AZƏRTAC

Almaniyanın müdafiə sənayesi konserni “Rheinmetall” Bolqarıstanda sursat zavodu inşa etməyi planlaşdırır.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, şirkətin açıqlamasında daha ətraflı məlumatın müqavilələrin imzalanmasından sonra veriləcəyi bildirilib.

Bolqarıstanın hakim GERB partiyasının sədri Boyko Borisov feysbuk paylaşımında “Rheinmetall”ın baş icraçı direktoru Armin Papperqer ilə görüşərək planları müzakirə etdiyini vurğulayıb.

Məlumata görə, “Rheinmetall” ilə yaradılacaq birgə müəssisədə NATO standartlarına uyğun 155 millimetrlik mərmilər istehsal olunacaq. Layihənin investisiya dəyərinin bir milyard avro olduğu bildirilir.

“Rheinmetall” Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar sursat istehsalını artırıb. Bundan əlavə, şirkətin Aşağı Saksoniyadakı Unterlüss şəhərində də yeni sursat zavodu açılacaq. Yeni müəssisədə 155 millimetrlik mərmilərin seriyalı istehsalına yaxın vaxtlarda başlanacaq. Sınaq mərhələsindən sonra istehsal mərhələli şəkildə artırılacaq. Bu il 25 min mərminin istehsalı planlaşdırılır, 2027-ci ildə isə bu rəqəm 350 minə çatdırılacaq. Digər zavodlardakı istehsal da nəzərə alındıqda “Rheinmetall” 2027-ci ildə ümumilikdə 1,5 milyon mərmi istehsal etməyi hədəfləyir.

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bu sursata tələbat kəskin artıb. “Rheinmetall” Ukraynanın əsas təchizatçılarındandır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
1
azertag.az

2Mənbələr