Rostov-na-Donu şəhərinin mərkəzində pilotsuz təyyarənin düşməsi nəticəsində yanğın baş verən yaşayış binasından ən azı 15 nəfər təxliyə edilib. Ümumilikdə 7 evə ziyan dəyib, sakinlər üçün müvəqqəti yaşayış mərkəzi yaradılıb.
Moderator.az bu haqda "Kavkazskiy uzel" nəşrinə istinadla xəbər verir.
Rostov-na-Donu sakinləri avqustun 26-da axşam saatlarında şəhərin müxtəlif yerlərində partlayışların baş verdiyini bildiriblər və təxminən gecə yarısı Xalturinski döngəsindəki evlərdən birində yanğının baş verməsi barədə məlumat verilib.
Sosial şəbəkə istifadəçiləri tərəfindən yayılan görüntülərə əsasən, yanğın binanın damından başlayıb və geniş əraziyə yayılıb. Partlayışdan əvvəl bir neçə saniyə ərzində "moped səsi" eşidilib, daha sonra "pəncərələr titrəyib". "Diqqət, Xəbərlər" telegram-kanalının şahidlərinin verdiyi məlumata görə, öncə parlaq bir parıltı görünüb, ardınca isə partlayış olub.
Rostov vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən Slyusar Moskva vaxtı ilə saat 0.06-da bildirib ki, pilotsuz təyyarələrdən biri Xalturinski döngəsində dördmərtəbəli yaşayış binasının üzərinə düşüb, partlayış, ardınca da binanın damında yanğın baş verib. Rəsmi həmçinin bildirib ki, Ukraynanın on pilotsuz təyyarəsi Taqanroq, Çertkovski və Millerovski rayonlarında məhv edilib.
Yarım saatdan sonra Slyusar təcili yardım yerinə getdiyini bildirib. "PUA-nın hücumundan sonra evin dam örtüyü 250 kvadratmetr sahədə yanıb. Yanğın artıq lokallaşdırılıb. 15 sakin evdən təxliyə edilib, onlara gecələmək üçün 50 nömrəli məktəbdə yaradılmış müvəqqəti yaşayış mərkəzinə getmək təklif olunub. Əsas odur ki, heç kim xəsarət almayıb", - deyə vilayət rəhbəri telegram-kanalında yazıb.
S.Laçın